Məhkəmə qərarları › İş №3(042)-394/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-394/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-394/2023 30.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1950-ci il tarixdə Gədəbəy rayonunun Zəhmət kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Gədəbəy rayonunun Zəhmət kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək, bildirmişdir ki, babasının qoşalülə ov tüfəngi olmuşdur. Babası və atasının vəfatından sonra o, vərəsə kimi babasından miras qalmış əmlakı qəbul etmişdir. O, ov tüfənginin saxlanılması üçün mərhum babası və atasının icazəsinin olmadığını və ona belə icazə almaq üçün polisə müraciət etməli olduğunu bilməmişdir. O, 31 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində ov etməyə çıxmışdır. Bu zaman polis əməkdaşları yaxınlaşmış, tüfəngə icazəsinin olub-olmamadığını soruşmuş və araşdırılma aparılması üçün tüfəngi ondan götürmüşlər. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan 31 oktyabr 2023-cü il tarixli MN №1867554 protokoldan görünür ki, Azərbyacan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmişdir. İşdə olan 31 oktyabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi barədə protokoldan görünür ki, Şəxs TOZ B markalı, 16 çaplı, lüləyində və qundağında 86124-6, lülə yatağında 54027 yazısı olan yivsiz ov silahına baxış keçirilmiş və Gədəbəy Rayon Polis Şöbəsinin silah saxlama otağına təhvil verilməsi üçün götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında izahat verərərək, göstərmişdir ki, babasından miras qalmış mülki silah olan ov tüfənginin saxlanılması üçün xüsusi icazənin alınmadığını bilməmişdir. Məhkəmə sübutları daxili inamı ilə qiymətləndirərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hər hansı bir inzibati xəta əməli törədilməsinin, yəni, mülki silahın saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasının sübut edilmədiyi nəticəsinə gəlmişdir. Ona görə də iş üzrə icraata xitam verilməli, TOZ B markalı, 16 çaplı, lüləyində və qundağında 86124-6, lülə yatağında 54027 yazısı olan yivsiz ov silahı sənədləşdirilməklə Şəxs qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, qərara aldı : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Bir ədəd TOZ B markalı, 16 çaplı, lüləyində və qundağında 86124-6, lülə yatağında 54027 yazısı olan yivsiz ov silahı sənədləşdirilməklə Şəxs qaytarılsın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar