Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-403/2025 24.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Nübar Yusif qızının katibliyi, X1 iştirakı ilə, X5 barəsində Şəmkir rayon Polis şöbəsinin X11 Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş EQ 32208925 nömrəli xx.xx.2025-ci il tarixli qərarından şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 məhkəməyə şikayət ərizəsi verərək, Daxili İşlər Nazirliyinin Şəmkir rayon Yol Polis bölməsinin xx.xx.2025-ci il tarixli, EQ 32208925 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və barəsində İXM-in 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, o, Daxili İşlər Nazirliyinin Şəmkir rayon X11 bölməsinin nəzarətində olan nəzarət kamerası ilə xx.xx.2025-ci il tarixdə EQ32208925 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Mən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 69-cu maddəsini əsas gətirərək həmin qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə elektron qaydada inzibati protokol tərtib edilmişdir. Protokol onun “E-Polis” proqramında ona bildiriş olaraq gəlmişdir. Həmin protokolda bildirilir ki, xx.xx.2025-ci il tarixdə o Şəmkir rayon Heydər Əliyev prospekti 17 ünvanında yolayrıcında işiqforun tələbini pozmuşdur. Sonradan həmin yerin foto ve video görüntüsünü əldə etdikdə məlum olmuşdur ki, həmin yerdə nişanlar arasında ziddiyyət mövcuddur. Yəni asfalt örtükdə düzünə və sola nişanı olduğu halda plakat lövhə üzərində düzünə və sağa nişanı qeyd olunmuşdur. O, asfalt örtük üzərində qeyd olunmuş nişanı əsas götürərək sola hərəkət etmiş, lakin nəzarət kamerası isə onu sağdan gəlmiş və qırmızı işıqın tələbini pozmuş kimi qiymətləndirir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 69-cu maddəsində qeyd olunur ki nişanlar arasında ziddiyyet qəbul olunmazdır və dərhal aradan qaldırılmalıdır. Lakin, aidiyəti qurumlar məsələyə ciddi yanaşmamışdır. İXM-in 327.2-ci maddəsi ilə ona yazılmış elektron protokolla bağlı Baş X11i İdarəsinə şikayət bildirmişdir. Şikayətin araşdırılması ilə bağlı X10 Polisi bölməsinə məktub göndərilsə də şikayət ciddi araşdırılmadan qərarı qüvvədə saxlamışdır. Odur ki, hesab edir ki, Daxili İşlər Nazirliyinin Şəmkir rayon Yol Polis bölməsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. X3 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şəmkir rayon Polis şöbəsinin X11 Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatını məhkəməyə təqdim etməmişdir. Şəmkir rayon Polis şöbəsinin X11 Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilərək X5 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İş materiallarından görünür ki, X6 xx.xx.2025-ci il tarixli, EQ 32208925 qərar ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, X2 inzibati tənbeh vermə haqqında qərarla svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati məsuliyyəti müəyyən edilmişdir. X6 həmin qərardan şikayət verməklə, yol hərəkəti nişanları arasında uyğunsuzluq olduğunu və həmin zaman Yol hərəkəti haqqında qanunun tələblərini pozumadığını bildirmişdir. X4 tərəfindən yol hərəkəti nişanları arasında uyğunsuzluğu əks etdirən foto şəkillər təqdim edilmişdir. Qərarından şikayət verilm şəxsin nümayəndəsi məhkəmədə iştirak etməmiş və bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hallar əsasən inzibati xəta haqqında işin tam və hərtərəfli araşdırılması öz təsdiqini tapmamasına əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxsin izahatında bildirdiyi xüsussatlar yenidən araşdırılmalıdır. İnzibati xətanın anlayışı AR İXM-da belə verilib: "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur" (Maddə 12). Göründüyü kimi, bu maddədə törədilən əməlin inzibati xəta hesab olunması üçün bir neçə şərt qoyulub. Birincisi, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd olmasıdır. Əgər hər hansı əməl AR İXM-də nəzərdə tutulmayıbsa, həmin əməlin edilməsi Məcəllədə bilavasitə göstərilmiş və Məcəllə ilə qorunan ictimai münasibətlərə zidd deyilsə, onda həmin əməl inzibati xəta hesab oluna bilməz. İkinci şərt hüquqazidd olmasıdır. Hüquqazidd hərəkət dedikdə də AR Konstitusiyasına, AR İXM-yə və digər qanunvericilik aktlarına zidd olan hərəkətlər də başa düşülür. Üçüncü şərt əməlin təqsirli sayılmasıdır. Təqsirli əməl də iki formada olur: qəsdən törədilən əməl və ehtiyatsızlıqdan törədilən əməl. "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur" (AR İXM 13-cü maddə). "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya həəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur" (AR İXM 14-cü maddə). Nəhayət sonuncu şərt törədilən əməlin inzibati məsuliyyətə səbəb olmasıdır. Burda da yenə iki hal var. Şəxsin həm hərəkəti, həm də hərəkətsizliyi inzibati məsuliyyətə səbəb ola bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X5 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Şəmkir rayon Polis şöbəsinin X11 Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş EQ 32208925 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və işə yenidən baxılması Şəmkir rayon Polis şöbəsinin X11 Bölməsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət qismən təmin edilsin. X5 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Şəmkir rayon Polis şöbəsinin X11 Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş EQ 32208925 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Şəmkir rayon Polis şöbəsinin X11 Bölməsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Gədəbəy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-403/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-403/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver