Məhkəmə qərarları › İş №3(042)-406/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-406/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-406/2023 27.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, EQ 17599529 nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17599529 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 İXM-in 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17599529 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onun etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023cü il tarixdə guya o Bakı- Qazax yolunun 29.5-ci kilometrliyində sürət həddini aşmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən (yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) 50 manat məbləğində cərimə olunmuşdur. Yazılmış cərimə tamamilə əsassızdır və yanlışdır. Belə ki, o həmin gün ümumiyyətlə inzibati xətanın törədildiyi yerdə olmamış, Şəmkir rayonu ərazisində toy məclisində olmuşdur. Bundan başqa inzibati xəta haqqında qərara əlavə edilmiş fotoşəkillərdən də görünür ki, sürət həddini aşan avtomobil onun **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili deyil və inzibati xəta törədən avtomobilin nömrə nişanı **-PF- *** dövlət qeydiyyat nişanıdır. Lakin səhv olaraq o inzibati cərimə olunmuşdur. Bununla bağlı xx.xx.2023-cü il tarixdə elektron qaydada inzibati orqana müraciət etsə də bugünədək heç bir tədbir görülməmiş, şikayət vermə müddətini ötürməməsi üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17599529 nömrəli qərarından görünür ki, X3 yolda müəyyən edilmiş hərəkət surəti 34 km/saat həddində aşmasına görə İXM-in 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmədə müəyyən edildi ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023cü il tarixli, EQ 17599529 nömrəli qərarına əsasən, X3 yolda müəyyən edilmiş hərəkət surəti 34 km/saat həddində aşmasına görə İXM-in 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan şikayət verərək həmin zaman inzibati tənbehin tətbiq edildiyi ərazidə olmadığını, sürət həddini aşan avtomobilin onun idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili deyil, **-PF-*** dövlət qeydiyyat nişanı avtombil olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, üzərinə sübut etmə yükü düşən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsdən məhkəmə iclasında iştirak etməsi və inzibati tənbehin verilməsinə əsas olmuş materialın (sənədlərin) məhkəməyə təqdim edilməsi tələb edilsə də, məhkəmə iclasında iştirak edilməmiş və sübutlar təqdim edilməmişdir. Eləcə də, qərardan şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş elektron qərar və ona əlavə edilmiş foto şəkillərlə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın qərardan şikayət vermiş şəxs tərəfindən idarə edilən nəqliyyat vasitəsinə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bu hallar isə inzibati tənbehin yanlış şəxs barəsində tətbiq edilməsinə şübhələr yaradır və məhkəmə qərardan şikayət vermiş şəxsin gətirdiyi dəlilləri inandırıcı hesab edir. Bu da onu göstərir ki, X1 əməlində İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, EQ 17599529 nömrəli qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, EQ 17599529 nömrəli qərarı ləğv edilsin və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar