Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-44/2022 09.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, X1 Şəhər Nizami Rayon İcra Hakimiyyətinin inzibati tənbeh verilmə haqqında 07.01.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Şəhər Nizami Rayon İcra Hakimiyyətinin inzibati tənbeh verilmə haqqında 07.01.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin inzibati tənbeh verilmə haqqında 07.01.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə Gəncə şəhəri Nizami Rayon Polis Bölməsinin barəsində İXM-nin 454-cü maddəsi ilə tərtib etdiyi 07.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu olmuşdur. Həmin protokolda onun 07.09.2021-ci il tarixdə, saat 11:51 radələrində ünvan 1 ünvanı yaxınlığında müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan onun küçə ticarəti ilə məşğul olması müəyyən edildiyi qeyd edilmişdir. Həmin protokol tərtib edildikdən 4 ay sonra barəsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 07.01.2022-ci il tarixli, 02/22 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xətanın törədildiyi gün 07.09.2021-ci il tarix olmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən müddət keçmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, işə tərəfləflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və işdə olan sənədləri təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin inzibati tənbeh verilmə haqqında 07.01.2022-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinə əsasən 80 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 454-ci maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X1 Şəhər Nizami Rayon İcra Hakimiyyətinin inzibati tənbeh verilmə haqqında 07.01.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta əməli 07.09.2021-ci il tarixdə aşkar edilmiş, lakin X3 07.01.2022-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, X3 barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Ona görə də şikayət təmin edilməli, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin inzibati tənbeh verilmə haqqında 07.01.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin inzibati tənbeh verilmə haqqında 07.01.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-44/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-44/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver