Məhkəmə qərarları › İş №3(042)-446/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-446/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-446/2023 18.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Gədəbəy rayonu, Moruxlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7192/2022 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək hər ay cavabdeh Şəxs iddiaçı X2 ödəniləcək orta aylıq əmək haqqı məbləği 778.80 manat miqdarında müəyyən edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, onun himayəsində bir azyaşlı övladı vardır. O, 2017-ci il tarixdə avtomobil qəzası keçirmişdir və həmin qəzadan X4 zərərçəkmişdir. F.Xudiyev xəstəxanada müalicə alarkən onun bütün xərcləri onlar tərəfindən qarşılanmışdır. F.Xudiyev hadisə baş verəndən 42 gün sonra barışıq ərizəsi vermişdir. Bundan sonra da onlar arasında normal münasibət olmuşdur. Lakin bir müddət sonra F.Xudiyev onu məhkəməyə verərək təzminat tələb etmişdir. O, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə iki dəfə məhkəmə iclasına getməsinə baxmayaraq, iddiaçı iştirak etmədiyinə və vəkili olmadığına görə məhkəmə iclası keçirilməmiş və o məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə qətnaməsindən onu xəbəri olmamışdır. O, yalnız bir dəfə, bu gün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7192/2022 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək hər ay cavabdeh Şəxs iddiaçı X2 ödəniləcək orta aylıq əmək haqqı məbləği 778.80 manat miqdarında müəyyən edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Dəfələrlə borclu ilə telefon əlaqəsi saxlanılmış, icra sənədi barədə məlumat verilmiş və icra şöbəsinə çağırılmışdır. Borclu icra şöbəsinə könüllü gəlmədiyinə görə məcburi gətirilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmə qətnaməsinin borcluya çatıb-çatmaması barədə onlarda heç bir məlumat yoxdur. Borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək, borclu məhkəmə qətnaməsini rəsmi qaydada əldə etməmiş və məlumatı olmamışdır. Belə olan halda borclunun icra sənədini qərəzli olaraq icra etməməsi qənaətinə gəlin bilməz. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 7192/2022 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək hər ay cavabdeh Şəxs iddiaçı X2 ödəniləcək orta aylıq əmək haqqı məbləği 778.80 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub-olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclunun deməsinə görə məhkəmə qətnaməsindən xəbəri olmamış və qətnamə ona rəsmi qaydada çatmamışdır. Eləcə də, icra sənədi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra borclu yalnız bir dəfə, xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gətirilərək izahatı alınmış, elə həmin gün borcun ödənilməsi üçün vaxt verilmədən və ya məhkəmə qətnaməsinin borcluya çatıb-çatmaması müəyyən edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, qeyd edilənlərə əsasən borclunun qərəzli olaraq icra sənədinin icrasından yayınması kimi qiymətləndirilib məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar