Məhkəmə qərarları › İş №3(042)-452/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-452/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-452/2023 29.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, 14 Saylı Vergilər İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-cü il tarixli qərarından şikayətə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etid: X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 məhkəmə iclasında şikayət ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki,o, Gədəbəy rayonu, Alnabat kəndində yaşayır.Həmin kənddə onun mağazası vardır. 08 dekabr 2021-ci il tarixdə mağazada müştəri olmadığına görə çay içmək üçün fərdi qoruyucu vasitəni çıxarmışdır. Həmin vaxt 14 Saylı Ərazi Vergilər İdarəsinin işçilərinin mağazaya daxil olduğunu görmüş və fərdi qoruyucu vasitəni taxmışdır. Əməkdaşlar ona fərdi qoruyucu vasitəni taxmamasına görə irad bildirmişlər.Lakin o, mağazada müştəri olmadığı və çay içdiyi üçün fərdi qoruyucu vasitəni çıxardığını bildirmişdir. Bundan sonra əməkdaşlar heç bir protokol tərtib etmədən getmişlər. Lakin onun məlumatı olmadan xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 300 manat cərimə olunmuşdur. Barəsində tərtib edilmiş protokol və qərar ona göndərilməmişdir. Qərar haqqında icra və probasiya məmuru icra ilə əlaqədar onu icra şöbəsinə çağırdıqdan sonra, yəni, 19 dekabr 2023-cü il tarixdə məlumat almış və həmin qərardan şikayət vermişdir. Barəsində olan qərar qanunsuzdur. O, iş vaxtı mağazada müştəri olarkən həmişə fərdi qoruyucu vasitələrdən istifadə etmişdir. Nümayəndə tərəfindən təqdim edilmiş fotoşəkildə olan şəxs onun işçisi deyildir. Onun ümumiyyətlə, işçisi yoxdur. Mağazada satıcı kimi də özü işləyir. O, elektron informasiya sisteminə də daxil ola bilmir və barəsində inzibati araşdırılma aparılması barədə məlumatı olmamış, qərarı oxumamışdır. Bundan başqa, qərar ona təqdim də edilməmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, təqdim edilmiş fotoşəkildən görünür ki, xx.xx.2021-ci tarixdə X5 məxsus mağazada işləyən şəxs fərdi qoruyucu vasitədən istifadə etməmiş, yəni, X1 rejimi qaydalarını pozmuşdur. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Daha sonra inzibati xəta haqqında iş üzrə araşdırmada iştirak etməsi üçün ona elektron informasiya sistemi ilə bildiriş göndərilmiş, lakin X2 daxil olaraq, bildirşi oxumasına baxmayaraq, araşdırmada iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmış, 21 dekabr 2021-ci il tarixdə o, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 300 manat inzibati cərimə təyin edilmişdir. Şikayətçi elektron informasiya siseminə daxil olaraq, barəsində çıxarılmış qərarı 12 yanvar 2022-ci il tarixdə oxumuş, lakin qərardan çıxarıldığı vaxtdan iki il sonra şikayət vermiş, şikayət vermə müddətini ötürmüşdür. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X6 barəsində ona məxsus mağazada işçinin tibbi maskadan istifadə etmədən xidmət göstərməsi ilə əlaqədar Azəbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş, protokolda X3 imza etməkdən imtina etdiyi qeyd edilmişdir. İşdə olan fotoşəkildəki şəxsin üzərində fərdi qoruyucu vasitə yoxdur. İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X5 300 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. İşdə olan Cədvəlin surətindən görünür ki, Rəsmiyyə Hüseynova tərəfindən inzibati tənbehvermə haqqında qərarın 12 yanvar 2022-ci il tarixdə oxunulduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Eepidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 75.0.-75.0.7-ci maddəlrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı;inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məcəllənin 53.1 və 53.2-ci maddəlrinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, X6 14 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı şikayətçi özünə məxsus mağazada satıcı kimi özünün işlədiyini və satıcısının olmadığını bildirmiş, inzibati araşdırma aparmış şəxs onun işçisinin olması barədə sübut təqdim etməmişdir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar elektron informasiya siseminə yerləşdirlsə də və qərarın barəsində qərar çıxarılmış şəxs tərəfindən oxunulması təsdiq edilsə də, qərar qanunda nəzərdə tutulmuş qaydada barəsində qərar çıxarılmış şəxsə rəsmi qaydada verilməmiş, şikayətçi qərarı yalnız 19 dekabr 2023-cü il tarixdə aldığını bildirmiş və bu halı təkzib edən sübutlar qərarı çıxarmış şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu halı nəzərə alaraq, şikayətçinin şikayətvermə müddətini ötürmədiyi nəticəsinə gəlmişdir. Ona görə də şikayətçi tərəfindən Azərbaycan Respublikası İXM-nin 212.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi də sübut edilmdəyi, tərtib edilmiş protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə verilmədiyi də nəzərə alınmaqla şikayət təmin edilməli, 14 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-c i il tarixli inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsinin 21 dekabr 2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar