Məhkəmə qərarları › İş №3(042)-46/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-46/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-46/2024 15.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı İnşaat Senaye ASD-də fəhlə işləyən, hazırda Gədəbəy rayonu, Alnabat kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən 28 may 2023-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 220 manat, aliment, azyaşlı uşağın 3 yaşı tamam olanadək sabit pul məbləğində 50 manat, cəmi 270 manat miqdarında aliment alınaraq, X2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra sənədi üzrə icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. Lakin o, icra məmurunun tələblərinə tabe olmamış, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən imtina etmişdir. Bundan sonra borclu barəsində axtarış elan edilmiş və 23 fevral 2024-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına təhvil verilmişdir. Daha sonra onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında borclu Şəxs borcunun ödənilməsi üçün məhkəmədən vaxt istəmiş və məhkəmə borclunun borcunu ödəməsi üçün iclası 26 fevral 2024-cü il tarixə təxirə salmışdır. Lakin həmin vaxt borclu məhkəməyə gəlməmiş və borcunun ödəməkdən yayınmışdır. Bundan sonra onun barəsində axtarış edilməsi ilə bağlı məhkəmə tərəfindən qərar çıxarılmışdır. 15 may 2024-cü il tarixdə borclu polis əməkdaşları tərəfindən tapılaraq məhkəməyə təqdim edilmişdir. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs izahat verərək, bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar təyin edilmiş vaxtda məhkəmə iclasına gəlməmişdir. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, borclu Nağıyev X4 Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, borcunu könüllü qaydada ödəməkdən imtina etmiş, çağırışlara gəlməmiş, məhkəmə prosesi zamanı araşdırmadan yayınmış, onu barəsində axtarış elan edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, onun bu vaxta qədər aliment ödəməməsini və işin digər hallarını nəzərə alıraraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 15 may 2024-cü il saat 1545-dən hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar