Məhkəmə qərarları › İş №3(042)-48/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-48/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-48/2023 06.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonunun Çalburun kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gədəbəy rayonunun Miskinli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs 21660 manat alınaraq, X2 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən ondan 21660 manat alınaraq, X2 verilməlidir. O, xəstəliyi ilə əlaqədar işləmir və borcundan ödənişlər edə bilməmişdir. O, 2023-cü ilin mart ayından etibarən borcundan ödənişlər edəcəkdir. Ona görə də, ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək, bildirmişdir ki, Şəxs 21660 manat alınaraq, ona verilməlidir. Borclu hazırki tarixədək borcundan ödəniş etməmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs İİ qrup əlillik var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini əsassız bəhanələrlə yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini, onun İİ qrup əlil olmasını və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar