Məhkəmə qərarları › İş №3(042)-56/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-56/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-56/2023 23.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə 100 manat miqdarında inzibati cərimə edilmişdir. O, 06 fevral 2022-ci il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən bazarda meyvə satarkən hava küləkli olmuş, bu zaman qoruyucu maskanı külək yerə salmışdır. Dərhal polis əməkdaşları ona yaxınlaşmış və maskanı taxmasını tələb etmişlər. Lakin ona cərimə yzaılmasını bildirməmişlər. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2023-ci il tarixdə onu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə çağırmış və həmin vaxt qərardan xəbəri olmuşdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı barəsində şikayət verilmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, ona əsassız cərimə yazıldığını bildirmişdir. Gədəbəy Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə sübutlar təqdim etməmişdir. Ona görə də, şikayət təmin edilməli, Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar