Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-57/2024 06.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-287/2022 saylı icra sənədinə əsasən, Şəxs 1750 manat borc və 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi, 1788 manat alınaraq, X1 verilməlidir. Borclu Şəxs icra sənədini icra etməməsinə görə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov borclunun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib etmiş və inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüsynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-287/2022 saylı icra sənədinə əsasən, Şəxs 1750 manat borc və 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi, 1788 manat alınaraq, X1 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu könüllü olaraq Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlməmiş, barəsində axtarış verilməklə polis vasitəsi ilə icra şöbəsinə gətirilmişdir. Borclu icra sənədini icra etməkdən boyun qaçırır. Odur ki, qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-287/2022 saylı icra sənədinə əsasən, ondan 1750 manat borc və 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi, 1788 manat alınaraq, X1 verilməlidir. Onun məhkəmə qətnaməsindən xəbəri yoxdur, qətnamə ona çatmamışdır. Tələbkarı tanımır. Məhkəmə qətnaməsini əldə edib, mübahisələndirəcəkdir. O, 11 ay həbs cəzasına məhkum olunmuş, 9 ay 7 gün müddətində həbsdə olmuşdur. Çəzaçəkmə müəsissəsində olan zaman ona bu barədə hər hansı məlumat verilməmişdir. Həmçinin icra məmuru tərəfindən göndərilmiş SMS-lərdə qeyd edilən telefon nömrələri onun istifadəsində olmamışdır. İcra şöbəsindən ona hər hansı xəbərdarlıq və ya bildiriş gəlməmişdir. 01 mart 2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsindən onun istifadəsində olan telefon nömrəsinə zəng edilərək, polis şöbəsinə gəlməsi bildirilmiş, həmin tarixdə polis şöbəsinə gəlmiş və oradan polis əməkdaşları ilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. İcra şöbəsində olan zaman barəsində belə bir icra sənədinin olduğunu bilmişdir. O, bundan əvvəl icra şöbəsinə çağırılmamış, icra məmurunun çağırışlarından boyun qaçırmamışdır. O, 2008-ci il tarixdən Şəmkir rayonu ərazisində yerləşən “Şəmkir-Səbəti” ticarət mərkəzində meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 287/2022 saylı icra sənədinə əsasən, Şəxs 1750 manat borc və 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi, 1788 manat alınaraq, X1 verilməlidir. İşdə olan Penitensiar Xidmət 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən Gədəbəy rayon Məhkəməsinə ünvanlanmış 20 iyun 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ünvan 3 ünvanda yaşamış Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(042)-36/2022 saylı qərarı ilə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüsal Şahmalıyevin təqdimatı təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(042)- 41/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün hissəsi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş məhkum Şəxs xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)- 609/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 18 (on səkkiz) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi və ya icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilmədiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub-olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə qeyd edir ki, icra sənədi xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya ünvanlanmış tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq materiala əlavə edilsə də, həmin bildirişin və xəbərdarlığın borcluya göndərilməsini və ya ona çatmasını təsdiq edən hər hansı sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Borclunun barəsində hər hansı digər məcburi icra tədbirləri görülməmiş, icra sənədi verildiyi tarixdən indiyədək borcludan yalnız bir dəfə - xx.xx.2024-cü il tarixdə izahat alınmış, vaxt verilmədən həmin gündə də inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. Həmçinin borclunun tələbin yönəldilə biləcək əmlakının olub-olmaması barədə materiala hər hansı sənəd əlavə edilməmişdir. Eləcə də, borclu “Şəmkir-Səbəti” ticarət məkrəzində ticarətlə məşğul olduğunu bildirmiş, lakin borclunun əmlak vəziyyəti, iş yeri, qazancı barədə məlumatlar icra məmuru tərəfindən yoxlanılmamışdır. Həmçinin borclu inzibati xəta haqqında materiala əlavə edilmiş SMS bildirişlərin göndərildiyi telefon nömrələrinin onun istifadəsində olmadığını və həmin bildirişlərdən məlumatının olmadığını bildirmişdir. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-57/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-57/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver