Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-6/2022 07.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, zərərçəkmişlər X1, Hüseynov Səyyad Bakıxan oğlu, X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1976-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələr ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 06 yanvar 2021-ci il tarixdə saat 17-45 dəqiqə radələrində Gədəbəy rayonu, Daşbulaq kəndində yaşadığı evin qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğu, ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilmiş, izahat verərək bildirmişdir ki, 06 yanvar 2021-ci il tarixdə yaşadığı evdə və evin qarşısındakı küçədə sərxoş vəziyyətdə arvadı ilə dava etmiş, bu zaman nalayiq söyüşlər söymüşdür. O, sərxoş olduğu üçün hadisə yerinə gəlmiş polis əməkdaşlarının tələblərinə də məhəl qoymamış, onları da söyərək, təhqir etmişdir. Polis əməkdaşları onu poliş şöbəsinə aparmış, sakitləşdirməyə çalışmışlar. Lakin o, polis şöbəsində də polis əməkdaşlarını söyməkdə davam etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 izahat verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-də sahə rəisi vəzifəsində işləyir. 06 yanvar 2021-ci il tarixdə 102 xidməti vasitəsilə edilmiş şikayətlə əlaqədar əməliyyat qrupunun tərkibində Gədəbəy rayonu, Daşbulaq kəndinə getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yaşadığı evin qarşısındakı küçədə sərxoş vəziyyətdə arvadı ilə dava etmiş, bu zaman ucadan nalayiq söyüşlər söymüş, kənd sakinlərini narahat etmiş, ictimai qaydanı pozmuşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ağır dərəcəli sərxoş vəziyyətində olmuş, hadisə yerinə gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə də məhəl qoymamış, onları da söyərək, təhqir etmişdir. Polis əməkdaşları onu poliş şöbəsinə aparmış, sakitləşdirməyə çalışmışlar. Lakin o, polis şöbəsində də polis əməkdaşlarını söyməkdə davam etmiş, şöbənin iş rejimini pozmuşdur. Şəxs əvvəllər də bir neçə dəfə sərxoş vəziyyətdə ailə münaqişəsi yaratmışdır. Ona görə də onun barəsində qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Hüseynov Sayaf Bakıxan oğlu və X2 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan 07 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 yanvar 2021-ci il tarixdə saat 17-45 dəqiqə radələrində Gədəbəy rayonu, Daşbulaq kəndində yaşadığı evin qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğu, ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 06 yanvar 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 06 yanvar 2021-ci il tarixdə saat 18-40 dəqiqədə tutulmuşdur. İşdə olan sərxoşluq hallarının müayinəsi protokolundan görünür ki, Şəxs 06 yanvar 2021-ci il tarixdə ağır dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, daxili inamına əsasən belə nəticəyə gəlir ki, Şəxs 06 yanvar 2021-ci il tarixdə saat 17-45 dəqiqə radələrində Gədəbəy rayonu, Daşbulaq kəndində yaşadığı evin qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1. və 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun əvvəllər də bir neçə dəfə sərxoş vəziyyətdə ailə münaqişəsi yaratmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinini sanksiyası həddində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 06 yanvar 2021-ci il saat 18-40 dəqiqədən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(042)-6/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-6/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver