Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-61/2025 03.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Quliyeva Nübar Yusif qızının katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmuş, Tovuz rayonu, Dondar kəndində ünvanında qeydiyyatda olan və Gəncə şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-nin) Gədəbəy rayon Polis şöbəsinin (RPŞ-nin) İctimai-Təhlükəsizlik Bölməsinin (İTB-nin) polis sahə rəisi polis kapitanı X3 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Nərimankənd kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus avtomobilin 1 ədəd farasını oğlurlamaqla 100 manat maddi zərər vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş “xırda talama” xətasını törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Gəncə şəhərində yaşayır. Ramin Rzayev ilə Gədəbəy rayonunda avtomobil farasını oğurlamışdır. Ramin Rzayev onun qonşusudur, birlikdə böyüyüblər. Həmçinin Gədəbəydə oğurluq etməmişdən əvvəl, Tovuz rayonunda da həmin gün mağazadan oğurluq etmişlər. Belə ki, onların dostunun azyaşlı qardaşı xəstələnmiş və ona görə onlara 170 manat pul lazım olmuşdur. Nənəsi Tovuz rayonunda yaşayır. Onların pula ehtiyacı yarandığına görə pul almaq üçün nənəsinə zəng vurmuş və nənəsi ona pul verəcəyini vəd verdiyinə görə Ramin ilə birlikdə nəsəsi gilə getmişdir. Lakin həmin gün nənəsi yasda olmuş, ona zəng çatmamış və pul ala bilməmişdir. Ona görə də, o oğurluq etmək fikrinə düşmüş və nənəsinin yaşadığı ünvanın yaxılığında olan və bağlı olan mağazanın qapısını təpiklə vuraraq açmış və içərdə olan kassanı götürmüşdür. Kassada təxminən 200 manata yaxın pul olmuşdur. Bundan sonra həmin gün Raminə məxsus “Toyota prius” markalı avtomobil ilə Gədəbəy rayonu, Qoşabulaq kəndindən keçərək Gəncə şəhərində getmək istəmişlər. Həmin gün həmin kənddə avtomobili saxlamışlar və o avtomobildə uzanmışdır. Bu zaman Ramin əlində avtomobil farası gəldiyini görmüş və Ramindən bunun nə olduğunu soruşduqda Ramin avtomobilin üzərindən sökdüyünü bildirmişdir. Oğurluqla əldə etdikləri pul məbləğlərinin hamısı dostunun azyaşlı qardaşının müalicəsinə sərf olunmuşdur. Oğurlanmış fara zərər çəkmiş şəxsə qaytarılmışdır. Zərər çəkmiş şəxsin qeyd etdiyi antik dəmir əşyalardan onun məlumatı olmamışdır. O, əməlindən peşmandır. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, ona cərimə inzibati tənbehinin təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, o, Gədəbəy RİHB-nin Nərimankənd kənd İƏD üzrə nümayəndəliyinin -nümayəndəsi vəzifəsində işləyir. Onun Qaz-53 markalı, 21- BZ-994 dövlət nömrə nişanlı avtomobili vardır. O, avtomobili yaşadığı Gədəbəy rayonu, Nərimankənd kəndində, kəndin axırıncı evinin yanında saxlayır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında avtomobilin ön farasının oğurlandığını görmüşdür. Oğurluq edilmiş əşyalar 3 predmetli olmuşdur. Faranın üzərində və içərisində nikeldən olan dəmir əşyalar olmuşdur. Həmin əşyalar antik əşya hesab edilir. 100 manat dəyərindəki fara ona qaytarılmış, lakin qalan əşyaların nə özü qaytarılmamış, nə dəki dəyəri ona ödənilməmişdir. Ekspert tərəfindən müəyyən edilmiş 100 manat dəyər faranın dəyəridir. Lakin, digər qeyd etdiyi dəmir əşyalar tapılmadığına görə onların dəyəri müəyyən edilməmişdir. Odur ki, ona dəymiş zərər tam ödənilmədiyinə görə barəsində icraat aparılan şəxsdən şikayətçidir. İş materiallarına əlavə edilmiş Gədəbəy Rayon Polis X1 müstəntiqi, polis mayoru Nicat Rüstəmov tərəfindən tərtib olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırma aparılmış, Şəxs, X2 və X6 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərərk 23 oktyabr 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Gədəbəy rayonu, Nərimankənd kəndində avtomobil yolunun kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus Qaz-53 markalı, 21- BZ-994 dövlət nömrə nişanlı avtomobilin üzərində olan 100 (yüz) manat dəyərində üzərində DOT SAE 07 2019 yazıları olan avtomobilin sağ ön işığını söküb oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmiş, toplanmış materiallar üzrə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokollar tərtib olunması üçün qərarın surətinin Gədəbəy RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan qərar əsasında Gədəbəy RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, zərər çəkmiş şəxsin izahatı, tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında müəyyən edilir ki, inzibati xəta haqqında material ilə müəyyən edilmiş zərər çəkmiş şəxsə vurulmuş 100 manat məbləğində zərər barəsində inzibati xəta haqqında icraata aparılan şəxs tərəfindən tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd edilən normaya əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilməsi təsbit olunmuşdur. Lakin, hazır ki inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməsinə baxmayaraq, zərər çəkmiş şəxs ona daha çox zərər dəydiyini bildirərək barəsində icraata aparılan şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirir. Ona görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yaranmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, zərər çəkmiş şəxs məhkəmə iclasında əlavə olaraq ona məxsus avtomobilin antik hesab edilən əşyalarının oğurlanmasını bildirsə də, hazır ki material üzrə zərər çəkmiş şəxs polis şöbəsinə etdiyi müraciətində və izahatında bu hadisəni bildirməmiş və bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını (İXM-nin 32.1.1-ci maddəsi) və zərər çəkmiş şəxsə vururlmuş zərərin ödənilməsini ( İXM-nin 32.1.7-ci maddəsi) onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs olunmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tutma protokoldan və iltizamdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək tutulmuşdur. Məhkəmə hesab edir ki, onun tutulduğu müddət təyin edilmiş həbs inzibati tənbehindən çıxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə həbs inzibati tənbehi təyin edilsin. Şəxs tutulduğu 02 (iki) gün müddət həbs inzibati tənbehinin 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş 25 gün həbs inzibati tənbehindən çıxılaraq üzərində 23 (iyirmi üç) gün həbs inzibati tənbehi saxlanılsın. Həbsdə saxlama müddətinin əvvəli 03 mart 2025-ci il tarixi, saat 15:30-dan hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon X4 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Gədəbəy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-61/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-61/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver