Məhkəmə qərarları › İş №3(042)-64/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-64/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-64/2021 16.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1958-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Miskinli kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 332.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 332.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 15:23 radələrində idarə etdiyi HONDA CRV markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə təhlükəsizlik kəmərini bağlamadan, əks istiqamətli zolağa çıxmadan manevretmə qaydalarını pozmuş, bu zaman avtomobili saxlatdırmış və Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi və sərxoş olması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15:23 radələrində idarə etdiyi HONDA CRV markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Miskinli kəndinə gedərkən yol polis əməkdaşı heç bir əsas olmadan onu saxlatdırmışdır. Bu zaman o, təhlükəsizlik kəmərini bağlamış və manevretmə qaydalarını pozmamışdır. Lakin o, yüngül dərəcəli sərxoş olmuş və sürücülük vəsiqəsi olmamışdır. Ona görə də ona inzibati həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 eyniməzmunlu izahat verərək, Şəxs daha yüngül tənbeh verilməsini xahiş etmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İşdə olan sərxoşluğun müayinə edilməsi haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2021-ci il tarixdə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində göstərilən inzibati xəta əməlini törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolun digər, yəni, 327.1 və 329.1-ci maddələrinə münasibət bildirərək belə nəticəyə gəlir ki, Şəxs həmin əməlləri törətməsi sübut edilməmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli, onun barəsində tərtib edilmiş protokolun 327.1 və 329.1-ci maddələri üzrə icraata xitam verilməlidir. Məhkəmə, belə qənaətə gəlir ki, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 500 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.1-ci maddələri üzrə icraata xitam verilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar