Məhkəmə qərarları › İş №3(042)-67/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-67/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-67/2021 23.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X3 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Gədəbəy rayonunun Söyüdlü kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-3630/2015 saylı icra sənədinə əsasən, xx xxxxxxxx 2015-ci il tarixindən başlayaraq xx xxxxxxxx 2011-ci il təvəllüdlü Əli və xx xxxxxxxx 2011-ci il təvəllüdlü Məhəmməd adlı iki uşağın yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşağa görə Şəxs 90 manat, cəmi 180 manat məbləğində aliment tutulub X1 verilməlidir. İcra sənədi Gədəbəy rayon icra şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borclu Şəxs icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. O, aliment borcundan hazırkı tarixə kimi heç bir məbləğ ödəməmişdir. O, dəfələrlə qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy rayon İcra Şöbəsinə dəvət edilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən bu çağırışa gəlməkdən və borcunu ödəməkdən imtina etmişdir. Şəxs bu barədə xəbərdarlıq edilmiş, lakin o, buna da məhəl qoymamışdır. Borclunun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy rayon İcra Şöbəsinə dəvət edilmiş, lakin bu çağırışlara məhəl qoymamışdır. Barəsində məcburi gətirilmə tətbiq edilmiş, axtarış elan edilmişdir. Şəxs polis orqanları vasitəsi ilə xx xxxxxx 2021-ci il tarixində məcburi qaydada Gədəbəy rayon icra və Probasiya Şöbəsinə gətirilmişdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-3630/2015 saylı icra sənədinə əsasən, xx xxxxxxxx 2015-ci il tarixindən başlayaraq ondan xx xxxxxxxx 2011-ci il təvəllüdlü Əli və xx xxxxxxxx 2011-ci il təvəllüdlü Məhəmməd adlı iki uşağın yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat, cəmi, 180 məbləğində aliment tutulub X1 verilməlidir. Hazırda pandemiya ilə əlaqədar işləmir və borcundan ödəniş edə bilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 eyniməzmunlu izahat verərək, daha yüngül tənbeh verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-3630/2015 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, yəni, onun çağırışlarına gəlməmiş və bununla da, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini,maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 23 fevral 2021-ci il tarixdən, saat 1200-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar