Məhkəmə qərarları › İş №3(042)-68/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-68/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-68/2021 05.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, Müəyyən etdi: X1 Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində X5 iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 790 manat məbləğində cərimə olunmuşdur. O, Ramin Tağıyevə və Qalib Tağıyevə 1000 manat borc pul vermişdir və onlar, borcun bir hissəsini qaytarmadığı üçün onların yaşadığı evə getmişdir. Həmin vaxt aralarında mübahisə olmuş, Ramin Tağıyev ona borclu olmadığını bildirmiş və nalayiq ifadələr işlətmişdir. Bu zaman o, hirslənərək Raminin maşınına çınqıl atmışdır. Ramin isə polisə şikayət etmişdir. Bu barədə Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Lakin o, Raminin maşınına zərər vurmamışdır. Bu barədə ekspertiza keçirilməmiş, əgər keçirilmişdirsə də, bundan onun xəbəri olmamış və iştirakı təmin edilməmişdir. Buna baxmayaraq Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 790 manat cərimələmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən xəbəri olmamış, polis şöbəsinə dəvət olunmamış, izahatı alınmamış və iştirakı olmadan əsassız protokol tərtib edilmişdir. Ona görə də şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Gədəbəy Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə olan X5 Protokolun surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Ramin Tağıyevə məxsus maşını zəələmişdir. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 790 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 232-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən X5 iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X5 iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X5 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 əməlinə hüquqi qiymət verilməsi və onun özgənin əmlakına hansı miqdarda ziyan vurması mülahizələrə əsasən müəyyən edilmişdir. Yəni, onun özgə əmlakına hansı miqdarda ziyan vurması barədə müvafiq ekspertizalar keçirilməmiş, həmin əməli törətməsi sübut edilməmişdir. Ona görə də iş üzrə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar