Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-72/2025 01.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Gədəbəy rayon X2 Patrul Xidməti İnspektoru, polis baş serjantı X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixində İXM-nin 511.1.2-ci maddəsi ilə İXP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2025-ci il tarixdə özünə məxsus “VAZ 2107” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində toy karvanında hərəkətdə olarkən təhlükəli manevlər etməklə nəqliyyat vasitəsinin təkərlərini yolun səthindən qaldırmaqla idarə edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsində mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə inzibati xəta müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o təxminən 7-8 ay bundan əvvəl, 2024-cü ilin oktyabr ayında toy karvanında özünə məxsus “VAZ 2107” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “bəy-gəlin” avtomobilini ötmək istəmiş və avtomobili sola çəkmiş, bu zaman “bəy-gəlin” avtomobili onun avtomobilinin üzərinə çəkmiş və o öz avtomobilini yol səthindən çıxarmamaq üçün sağa çəkmişdir. Bu zaman avtomobil bir tərəfinin üstə qalxmışdır. İlk dəfədir ki, belə bir hərəkətə yol vermişdir. Həmin videonu sosial şəbəkələrdə paylaşmaqda məqsədi isə bəyəni və baxış sayı toplamaq olmuşdur. Polis şöbəsində verdiyi izahatı təziq altında vermişdir. Özünü təqsirli bilir. Atası rəhmətə gedib. Müharibə veteranıdır. Odur ki, aşağı məbləğdə cərimə inzibati tənbehinin tətbiq edilməsi xahiş edir. Müdafiəçi Vəkil məhkəmə iclasında barəsində icraat aparılan şəxsin mübaribə veteranı olmasını, ailə vəziyətini və özünü təqsirli bilməsini nəzərə almaqla barəsində cərimə inzibati tənbehinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş CD diskdəki görüntülərdən aydın olur ki, “VAZ 2107” markalı, “VAZ 2107” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili idarə edərkən bir neçə dəfə təhlükəli manevrlər etməklə avtomobilin təkərlərini yolun səthindən qaldırmaqla idarə etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyri-müəyyən izahat verməsinə baxmayaraq, özünü təqsirli bilir, video görüntüdəki avtomobilin özü tərəfindən idarə edilməsini bildirir. Odur ki, inzibati xəta hadisəsinin barəsində icraat aparılan şəxs tərəfindən törədilməsi özünün izahatı və iş materialında olan video görüntü ilə təsdiqini tapır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə müvafiq olaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs müharibə veteranı olmasını və səmimi peşmançılığını İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla barəsində cərimə inzibati tənbehi tətbiq edilməlidir. İXM-nin 101-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol həmin Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin inzibati işin materiallarında inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadın qəbul olunması müəyyən olunmur. Ümumiyyətlə inzibati iş materillarında protokolun hansı səbəbdən uzadılaraq xx.xx.2025-ci il tarixində tərtib edildiyi məlum deyil. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Gədəbəy rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-72/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-72/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver