Məhkəmə qərarları › İş №3(042)-73/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-73/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-73/2022 28.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin rəisi, X1 18 avqust 2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X5 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin rəisi, X7 tərəfindən qəbul edilmiş 18 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X8 məhkəməyə Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin 18 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdir ki, o, fiziki şəxs olmaqla Gədəbəy rayonu, Novoivanovka kəndi ərazisində "Ovqat" adlı şadlıq sarayı var. Mövsümü olaraq həmin şadlıq sarayında kənd sakinləri tərəfindən toy mərasimləri keçirilir. 05.08.2021-ci il tarixdə 100-120 nəfər olmaqla toy mərasimi keçirilən zaman Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X4 tərəfindən MN ******* saylı protokol və həmin protokol əsasında MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və həmin qərarda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı aşkar olunmasını və portala daxil edilmədən toy mərasimi keçirilməsini qeyd etmişdir. Həmin toy mərasimi onun yaxın qohumunun olmaqla antisanitariya qaydalarına və karantin qaydalarına riayət edilməklə keçirilmişdir. Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X4 tərəfindən İXM-nin 211.1ci maddəsinə əsasən 4000 manat miqdarında cərimə cəzası ilə cəzalandırmışdır. O, Azərbaycan Respublikası Qida X2 regional bölməsinin rəisi X4 tərəfindən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razlaşmır. Belə olan təqdirdə onun məhkəmə hüququndan müdafiə etmək qərarına gəlmişdir. O, 17.06.2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən fiziki şəxs kimi qeydiyyata alınaraq adına VÖEN N-********** saylı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə verilmişdir. Onun barəsində isə Azərbaycan Respublikası Qida X3 regional bölməsinin rəisi X4 tərəfindən vəzifəli şəxs olaraq cərimə tərtib etmişdir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsində məhkəmə səlahiyyətinə aid olunan maddələrin siyahısı qeyd edilmişdir. Həmin siyahıda 211.1-ci maddə məhkəmə səlahiyyətinə aid olmaqla məhkəmə tərəfindən baxılmalı olduğu halda Azərbaycan Respublikası Qida X3 regional bölməsinin rəisi X4 öz vəzifə səlahiyyətlərini aşaraq onun barəsində inzibati qərar tərtib etmişdir. Bu isə onun barəsində tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və xitam edilməsinə əyani sübutdur. Hal-hazırda ölkə ərazisində karantin rejimi götürülmüş və toy mərasimlərinin keçirilməsinə icazə verilmişdir. Onun barəsində tərtib edilmiş qərarın qanununun geriyə şamil edilməsini və onun barəsində Azərbaycan Respublikası Qida X3 regional bölməsinin rəisi X4 tərəfindən tərtib edilmiş MN ******* saylı protokol və həmin protokol əsasında MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasız olduğuna görə xitam verilməlidir. Ona görə də barəsində olan cərimə qərarının ləğv edilməsini istəyir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin rəisi, X4 tərəfindən qəbul edilmiş 18 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində fəaliyyət göstərən “Ovqat” şadlıq sarayında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı aşkar olunduğuna və portala daxil edilmədən toy mərasimi keçirilməsinə görə onun İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən, 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə rayon (şəhər) məhkəmələrində baxılır. Göründüyü kimi, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin rəisi, X4 tərəfindən X5 barəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməli olduğu halda, səlahiyyətləri kənarına çıxaraq X8 barəsində əsassız qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363- 2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyindən, inzibati xəta haqqında qərara ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cü maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İXM-in 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi, “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli, “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 8 avqust tarixli 287 nömrəli qərarlarının ləğv edilməsi və bununla bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında 05 mart 2022-ci il tarixli qərarının 2.5-11-ci bəndinə əsasən, 2022-ci il 6 mart tarixindən etibarən dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə icazə verilir. Şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti ləğv edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və İXM-nə əsasən, normativ hüquqi aktların geriyə qüvvəsi olduğundan və şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti ləğv edildiyindən və həmin qərar hazırda qüvvədə olmadığından Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin rəisi, X1 inzibati tənbehin verilməsi haqqında X5 barəsində olan 18 avqust 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin rəisi, X1 inzibati tənbehin verilməsi haqqında 18 avqust 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin rəisi, X1 inzibati tənbehin verilməsi haqqında 18 avqust 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar