Məhkəmə qərarları › İş №3(042)-79/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-79/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-79/2022 17.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, zərərçəkmişlər X1, X2, X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan, əvvəllər məhkum edilməmiş Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələr ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 16 mart 2022-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsində ucadan nalayiq ifadələr işlətməsi ilə əlaqədar ictimai qaydanı pozduğu, ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 16 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN 102 Xidmətinə zəng etmiş, evində kənar şəxslərin yaşaması barədə məlumat vermişdir. Lakin polis əməkdaşlarını nalayiq ifadələrlə söyməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 məhkəmə iclasında çıxış edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək, bildirmişdir ki, Şəxs 16 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN 102 Xidmətinə zəng etmiş, araşdırılma aparılması üçün Şəxs Gədəbəy Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Bu zaman Şəxs Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında ünvansız nalayiq ifadələr işlətmiş, onları və digər polis əməkdaşlarını təhqir etmiş, onların tələblərinə məhəl qoymamışdır. Ona görə də onun barəsində qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 və X3 eyniməzmunlu izahat vermişlər. İşdə olan 16 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 mart 2022-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsində ucadan nalayiq ifadələr işlətməsi ilə əlaqədar ictimai qaydanı pozduğu, ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, daxili inamına əsasən belə nəticəyə gəlir ki, Şəxs 16 mart 2022-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsində ucadan nalayiq ifadələr işlətmiş və ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun qadın olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinini sanksiyası həddində 200 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar