Məhkəmə qərarları › İş №3(042)-80/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-80/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-80/2023 24.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər X4, X2 və X3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Türkmən kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində 23 fevral 2023-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 23 fevral 2023-ci il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində metal qırıntıları alarkən polis əməkdaşları onu polis bölməsinə aparmış, ona oğurluqda şübhəli olduğunu demişlər. Bundan sonra o, ünvansız nalayiq söyüşlər söymüşdür. Lakin polis əməkdaşları ilə aralarında mübahisə olmamışdır. O, evə yeganə qazanc gətirən şəxsdir. Uşaqları xəstədir. Ona görə də ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Şəxs oğurluqda şübhəli bilindiyi üçün onu, 23 fevral 2023-ci il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən polis bölməsinə dəvət etmişlər. Bundan sonra o, nalayiq söyüşlər söymüşdür. O və digər polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onu və digər polis əməkdaşlarını da nalayiq söyüşlərlə söymüşdür. Ona görə də Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X1 Novruz Yaşar oğlu eyniməzmunlu izahatlar vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 23 fevral 2023-cü il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 21:30-da tutulmuşdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına əsasən inzibati işlər üzrə araşdırmalarda prosessual normalarda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq normaları analogiya üzrə tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmişlərin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməlidir. Məhkəmə, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, əvvəllər məhkum edilməsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Bundan başqa məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağın olmasını da nəzərə alaraq, ona təyin edilən həbs inzibati tənbehinin müddətinin 5 gün olmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 5 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 23 fevral 2023-cü il tarixdən, saat 2130-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar