Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-80/2024 27.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil və Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Göyəlli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-587/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Şəxs 14000 manat məbləğində pul və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 14132 (on dörd min yüz otuz iki) manat məbləğində pul alınıb iddiaçı X1 verilməlidir. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-587/2023 saylı qətnaməsinə əsasən, ondan 14000 manat məbləğində pul və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 14132 (on dörd min yüz otuz iki) manat məbləğində pul alınıb iddiaçı X1 verilməlidir. Lakin onun məhkəmə qətnaməsində məlumatı olmamışdır. O, məhkəmə iclaslarında iştirak etməmiş və qətnamə ona rəsmi qaydada çatmamışdır. Qətnaməni bugün rəsmi qaydada əldə etmişdir. Məhkəmə qətnaməsindən narazıdır. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-587/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Şəxs 14000 manat məbləğində pul və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 14132 (on dörd min yüz otuz iki) manat məbləğində pul alınıb iddiaçı X1 verilməlidir. İcra sənəd xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o aliment borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)-587/2023 saylı qətnaməsini borclu Şəxs çatmamış, qətnaməni bugün (xx.xx.2024-cü il tarixdə) rəsmi qaydada əldə etmişdir. Məhkəmə qeyd edir ki, borclu məhkəmə qətnaməsində narazı olduğunu bildirir və onun məhkəmə qətnaməsində əldə etdiyi vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermək hüququ vardır. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-80/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-80/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver