Məhkəmə qərarları › İş №3(042)-83/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-83/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-83/2025 22.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə X3 Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respubklikası İXMnin 327.4-cü, 327.1 maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş ona 150 manat inzibati qaydada cərimə edilmiş, bu barədə ona sms bildirişlə məlumat verilmişdir. O, hər hansı bir qayda pozuntusu törətmədiyinə görə, 27 mart 2025-ci il tarixli həmin qərarı əldə etmiş, qərardan məlum olmuşdur ki, guya, 20 fevral 2025-ci il tarixdə Gədəbəy şəhəri, H.Əliyev prospektində, İnzibati Binanın qarşısında birtərəfli hərəkət yolunda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş, yol nişanlarının tələblərinə riayət etməmişdir. Halbuki, o, bu qayda pozuntusunu törətməmiş, əks istiqamtli hərəkət zolağına çıxmamış, avtomobili inzibati binanın qarşısındakı duracaqda saxlamışdır. Barəsində olan qərar qanunsuzdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gədəbəy RPŞ-ə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.4-cü və 327.1-ci maddələrinə əsasən 150 manat miqdarında inzibati cərimə tənbehi təyin edilmişdir Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçi 20 fevral 2025-ci il tarixdə Gədəbəy şəhəri, H.Əliyev prospektində hər hansı bir yol hərəkəti qaydasını pozmadığını bildirmiş, protokolu tərtib etmiş orqan bu halı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də təqsirsizlik prezumpsiyası prinsipi əsas götürülməklə, şikayət təmin edilməli Gədəbəy RPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy RPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar