Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-85/2025 10.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Quliyeva Nübar Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gədəbəy şəhəri, Qumlu yaşayış massivində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayon Polis şöbəsindən (RPŞ) material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Gədəbəy Rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyü manqa komandiri, polis baş serjantı X5 və Gədəbəy Rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyü, polis nəfəri, polis baş serjantı X1 ilə birlikdə Gədəbəy şəhəri, Heydər Əliyev prospektində kiçik park adlanan ərazidə xidmət aparan zaman Gədəbəy şəhəri, Qumlu massivində yaşayan Şəxs sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söyməsini, orada olan zibil qablarını təpiklədiyini görüb ona yaxınlaşmışlar və özlərini təqdim edib onu nizam-intizama dəvət etsələr də, Şəxs onların yəni, polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Şəxs bu hərəkətlərini təxminən 10 dəqiqə davam etdirmişdir. Buna görə Şəxs Gədəbəy rayon Polis Şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. Ona görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab edərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə Gədəbəy şəhəri ərazisində yerləşən kafelərdən birində, bir nəfər tanışı ilə spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. İlk dəfədir ki, belə bir hadisə başına gəlir. Sərxoş vəziyyətdə olduğundan heç nə yadından qalmamışdır. Əməlindən peşmandır. Özünü təqsirli bilir. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy Rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyü manqa komandiri, polis baş serjantı X5 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Gədəbəy RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X1 ilə birlikdə Gədəbəy şəhəri, Heydər Əliyev prospektində kiçik park adlanan ərazidə xidmət aparan zaman Gədəbəy şəhəri, Qumlu massivində yaşayan Şəxs sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söyməsini və zibil qablarını təpiklədiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs barəsində tədbir görülməsi üçün polis şöbəsinə aparmışlar, sonuncu polis şöbəsində də səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Ona görə də, İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy Rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyü, polis nəfəri, polis baş serjantı X1 və Gədəbəy Rayon Polis şöbəsinin Növbəçi hissəsi, növbəçi köməkçisi, polis baş serjantı X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Gədəbəy şəhəri, Heydər Əliyev prospektində kiçik park adlanan ərazidə sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söyuş söyərək və orada olan zibil qablarını təpikləyərək ictimai qaydanı pozmuşdur. Buna görə də, polis əməkdaşları ona yaxınlaşmış və sonuncunu rayon polis şöbəsinə aparmışlar. Lakin, hazırki vəziyyətdə Şəxs polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur. Belə ki, tabe olmamağın nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Gədəbəy şəhəri, Heydər Əliyev prospektində ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, şahid ifadəsi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işin materiallarında olan, xx.xx.2025-ci il tarixli alkotester vərəqindən görünür ki, Şəxs müayinə olunarkən qanında alkoqolun konsentrasiyası 0.771 promilli olmaqla alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 05 (beş) gün müddətində inzibati qaydada həbs olunmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə. saat 23:53-də tutulmuşdur. Ona görə də onun həbsdə saxlanılma müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. İXM-nin 30.3 maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 105, 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 23:53-dən hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-85/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-85/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver