Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-90/2021 18.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X1 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1975-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Çaldaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(042)-1035/2019 saylı icra sənədinə əsasən Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən iddiaçı X4 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomaşın yolun cavabdehlər Şəxs, X3 və X6 tərəfindən açılması, həmin yola cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra yerinə gedilmiş, icra sənədi tam icra edilmişdir. Lakin tələbkar Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək borclunun həmin yola yenidən maneələr etməsini bildirmişdir. Bununla da borclu icra sənədini tam icra etməkdən imtina etmişdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(042)-1035/2019 saylı icra sənədinə əsasən Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən iddiaçı X4 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomaşın yolunun cavabdehlər Şəxs, X3 və X6 tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. İcra sənədi tam icra edilmişdir. Tələbkar icra sənədində göstərilməyən yeni tələblər irəli sürərək, icra işinə manelər törədir. Ona görə də, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, icra sənədinə izah verilməsi ilə əlaqədar müvafiq məhkəmələrə müraciət edilmiş, lakin həmin məhkəmələr izah verməkdən imtina etmişlər. İcra sənədində anlaşılmazlıqlar var. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(042)- 1035/2019 saylı icra sənədinə əsasən Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən iddiaçı X4 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomaşın yolunun cavabdehlər Şəxs, X3 və X6 tərəfindən açılması, həmin yola cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir. İcra sənədi icra edildikdən sonra borclular həmin yola yenidən müdaxilə etmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə, məhkəmə zərərçəkmişi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halı müəyyən edilməmişdir. O, icra məmurunun bütün tələblərinə tabe olmuş, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının çağırışlarına gəlmiş, icra sənədininin icrasına heç bir maneə yaratmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-90/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-90/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver