Məhkəmə qərarları › İş №3(042)-99/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-99/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-99/2024 06.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X4 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. X7 şikayət verərək, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, O, X9 ilə mübahisələri zamanı polis əməkdaşları gələrək barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol və bu protokol üzrə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla o 300 manat cərimə edilmişdir. Bu necə baş veribsə heç xəbəri olmamışdır. Heç bir davaları və ya xəsarət halı olmadan o cərimə edilmişdir. Barəsində qəbul olunmuş protokol və qərar barədə isə ona heç bir şifahi və ya rəsmi məlumat verilməmişdir. O, isə elə düşünür ki, polis həmiş şəxsin hərəkətlərinə hüquqi qiymət verərək məsələni ona tapşırıq vermək yolu ilə həll edib. O, heç nə anlaya bilməmişdir. Əslində məsələni düzgün araşdırmadan müraciəti bağlamaq xətirinə barəsində protokol tərtib edilibmişdir. Halbuki, həmin gün davaları sadəcə mübahisədən ibarət olmuşdur. Hətta yazılmış protokol və qərar ona təqdim edilməyərək hüquq pozuntusu törədilmişdir. Bu barədə isə məhkəmə icraçısı ona məlumat verdikdən sonra xəbəri olmamışdır. O, bütün olanları polis əməkdaşına danışmışdır. O, X8 döyməmiş, hətta əli belə dəyməmişdir. Əgər belə olsaydı polis əməkdaşı araşdırar və nəticəsi barədə məlumat verərdi. Ancaq bu hallar olmadan ona gizlincə işi bağlamaqdan ötrü cərimə yazıblar və onun bundan xəbəri olmayıb. Halbuki, ilk öncə izahatı alınmalı idi. Daha sonra izahata və araşdırmaya uyğun barəsində tərtib ediləcək qərarla tanış edilməli idi. Həmin protokol və ya qərar isə ona ya yerində ya da ki, rəsmi qaydada poçt vasitəi ilə təqdim edilməli idi. Hazırkı tarixədək hələ də qeyd etdiyi nə protokol, nə də ki, qərar ona təqdim edilməmişdir. Bu barədə icra məmuru ona məlumat verdikdə xəbəri olmuşdur. Çünki vətəndaş olaraq həmin qərardan narazı olacağı halda şikayət vermə müddətundə şikayət vermək hüququ vardır. O, həmin qərarlardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayət vermiş şəxs X7 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə qonşusu X8 döyməsinə görə İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X2 rayon polis şöbəsinə müraciət edərək Şəhla Məmmədova tərəfindən təhqir olunaraq döyülməsini bildirmiş, bununla bağlı araşdırma aparılmış, material üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyinə əsasən, X6 bədən səthində aşkar edilmiş xəsarət-başın, sol bazunun, sağ budun və sağ sağrın qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 13 oktyabr 2023-cü il tarixinə uyğun gəlməsi, X9 nervopatoloqun müayinəsinin nəticəsi ekspertizaya təqdim etmədiyi ücün dərəcələri təyin edilməməsi müəyyən edilmişdir. Araşdırmanın nəticəsi olaraq, qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, müraciət üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, X5 barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Gədəbəy RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Bununla da Şəhla Məmmədoavnın barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh vermə haqqında qərarla 300 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X7 barəsində inzibati xəta haqqında qərar qəbul edilməsinə yeganə əsas kimi Gədəbəy rayon Polis şöbəsinin cinayət işinin başlanmasını rədd edilməsi barədə qərarı götürülmüş, inzibati xəta haqqında iş üzrə icraat başlanıldıqdan sonra hadisəni görmüş şahidlərin dairəsi müəyyənləşdirilməmiş və onlar dindirilməmiş, zərər çəkmiş şəxsin şikayətinin olub-olmaması aydınlaşdırılmamış, eləcə də, Şəhla Məmmədova izahatında Aytən İsgəndərovanı vurmadığını, sonuncuya hər hansı xəsarət yetirmədiyini bildirmişdir. Belə olan halda Gədəbəy rayon Polis şöbəsi tərəfindən toplanmış material ilə Aytən İsgəndərovaya yetirilmiş dərəcəsi təyin edilməyən xəsarətlə Şəhla Məmmədovanın əlaqəsi müəyyən edilmir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması Gədəbəy rayon Polis şöbəsinə tapşırılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin rəisi, Mehman Həşimovun inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə yenidən baxılması Gədəbəy rayon Polis şöbəsinə tapşırılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar