Məhkəmə qərarları › İş №3(043)-10/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-10/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-10/2021 04.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, X1 Gəncə şəhər BPİ DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli TP 405384 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasına dair şikayəti üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhər BPİ DYPŞ-nin İXP ******* saylı protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP 405384 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri Pribor deyilən ərazidə ona məxsus Mercedes-Benz E220 CDİ avtomobili ilə hərəkət edərkən saat 18 radələrində yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı o, DİN-in 102 xidmətinə müraciət etmişdir. Uzun müddət gözləmədən sonra Gəncə şəhər BPİ-in DYPŞ-in əməkdaşları hadisə yerinə gəlmədikləri üçün, həmçinin onun avtomobilini vurmuş şəxslə qarşılıqlı razılığa gəldiyi üçün təkrarən DİN-in 102 müraciət edərək qarşılıqlı razılığa gəldikləri üçün hər hansı bir şikayətinin olmamasını bildirdikdən sonra, həmin ərazidən uzaqlaşmışlar. Hadisə yerindən uzaqlaşması barədə DİN 102 xidmətinə məlumat vermişdir. Hadisədən bir qədər sonra Gəncə şəhər BPİ-in DYPŞ-in adını bilmədiyi əməkdaşı ona zəng edən zaman şəxsə bildirmişdir ki, onlar qarşılıqlı razılığa gəlmişlər hadisə yerindən uzaqlaşmışlar. Daha sonra Gəncə şəhər BPİ-in DYPŞ-in əməkdaşı idarəyə dəvət edərək barəsində qanunsuz protokol tərtib etmiş və protokol əsasında qərar qəbul etmişdir. O, həmin qərara kəskin şəkildə etiraz edir və ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsinin dispozisiyasından görünür ki, müvafiq cərimə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü barəsində tətbiq edilir. Lakin iş materiallarında baş vermiş yol hərəkəti hadisəsində onun təqsirli olması, həmin qaydaları pozmasını təsdiq edən hər hansı sənəd (inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar) yoxdur. Göründüyü kim,i işə baxan polis əməkdaşı göstərilən halları nəzərə almadan, iş üzrə tam, hərtərəfli araşdırma aparmadan iş üzrə yekun nəticəyə gəlmişdir. Ona görə də o, məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqan və şikayət verən X2 məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirakını təmin etməmişlər. Ona görə də, məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərarla verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X3 xx xxxxxx 2020-ci il tarixdə Mercedes Benz E220CDİ markalı, OM313ER dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən başqa bir avtomobil ilə toqquşmuşdur. Həmin gün yol nəqliyyat hadisəsinin törədildiyi yerdən yayındığına görə onun barəsində İXP ******* nömrəli protokol tərtib edilmiş, daha sonra həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X3 sözügedən yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verməməsinə isnad edərək barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarla razılaşmamış və məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, qərardan şikayət vermiş X1 isnad etdiyi, hadisə zamanı onun təqsirinin olub-olmamasını təsdiq edən heç bir sübutun olmaması faktına münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində “yol hərəkəti qaydalarını pozan” nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normanın dispozisiyasından göründüyü kimi, şəxsin hadisə yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün yol hərəkəti qaydalarını məhz həmin şəxs pozmuş olmalıdır. Başqa sözlə, yol hərəkəti qaydalarını pozmamış şəxsin hadisə yerindən yayınması onun İXM-in 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas vermir. Hazırkı halda isə mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın məzmununda X1 “Yol hərəkəti haqqında” Qanunun hansı tələbini pozması və bunun nə ilə təsdiq edilməsi öz əksini tapmamışdır. Səlahiyyətli orqan onu İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilərkən iş üçün əhəmiyyət kəsb edən bu xüsusatı araşdırmamışdır. İşin bu halı isə məhkəməyə belə qənaətə gəlməyə imkan verir ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurur. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP4052384 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhəri BPİ-nin DYPŞ-ə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət qismən təmin edilsin. Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin X1 barəsində olan xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar