Məhkəmə qərarları › İş №3(043)-1000/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1000/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1000/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 48V, mənzil 10-da qeydiyyatda olan və Gəncə şəhəri, N.Nərimanov küçəsi, 2-ci döngə, ev 02, mənzil 14-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-737/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs oğlu xx.xx.2011-ci ildə doğulmuş X2 ilə hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 18:00-a kimi ünsiyyətdə olması müəyyən edilmişdir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri üzrə icra İdarəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs hazırda icra sənədi üzrə iki aydan çoxdur ki, uşaqla ünsiyyət hüququnu təmin etmir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, icra sənədinin icrasını təmin etməsi tələb edilmiş, lakin borclu icra sənədini icra etməkdən boyun qaçırmışdır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Belə ki, o cari ilin oktyabr ayında Gəncə şəhərinə atılmış raket zərbələri ilə əlaqədar qorxduğu üçün təhlükəsizlik məqsədi ilə Bakı şəhərinə getmişdir. O, tələbkarın uşağı ilə ünsiyyətdə olmasına qəsdən maneə yaratmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs son iki ay ərzində oğlu ilə ünsiyyətdə olmasına daima maneçilik yaradır. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilərək, onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(043)-737/2017 saylı icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs oğlu xx.xx.2011ci ildə doğulmuş X2 ilə hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 18:00-a kimi ünsiyyətdə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatdan, həmçinin iş materiallarından aydın olur ki, Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(043)-737/2017 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs ilə oğlu Rəsul İsgəndərovun ünsiyyətdə olmasına qəsdən maneə olmamışdır. Belə ki, həmin icra sənədi üzrə tələbkar xx.xx.2020-ci il tarixdə ərizə ilə İcra idarəsinə müraciət edərək, borclunun icra sənədini icra etməkdən boyu qaçırdığını bildirmişdir. Həmin müddətdən sonra isə icra məmuru tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə borclu Şəxs ilə telefon vasitəsilə əlaqə saxlanılmış, borclu isə Gəncədə baş verən partlayışlar səbəbindən Gəncədə olmadığını, Bakı şəhərinə getdiyini bildirmişdir. İş materiallarında borclunun digər hər hansı üzrsüz səbəbdən icra sənədinin icrasından yayınmasını təsdiq edən mötəbər sübut mövcud deyildir. Göründüyü kimi, iş materiallarından Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar