Məhkəmə qərarları › İş №3(043)-1009/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1009/2020

14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1009/2020 14.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs qızının nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 izahatında bildirdi ki, xx.xx.1991-ci il Azərbaycan, ünvan 2 ünvanda yaşayan Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3692/18 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs Leyla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 130 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs qızına ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq tərəfindən borcluya təqdim edilmişdir. Bundan əlavə borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə göstərilən borcundan hissə- hissə ödəniş etməyi bildirmişdir və bu günə 2490 manat borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, 2490 manat borcu vardır. İşi olduqca həmin borcdan ödəniş edəcəkdir. Aliment borcundan 130 manat ödəniş etmiş, məhkəmə tərəfindən ona vaxt verildikdən sonra əlavə 200 manat ödəniş etmişdir. Növbəti aylarda aliment borcundan hissə-hissə ödəyəcəyi barədə tələbkarla razılıq əldə etmişdir və hazırda tələbkarın ondan heç bir şikayəti yoxdur. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs qızının nümayəndəsi X5 məhkəməyə ərizə verərək bildirdi ki, borclu Şəxs aliment borcunun bir qismini 330 manat ödəniş etmiş, digər hissəsini növbəti aylarda ödəniləcəyi barədə razılığa gəlinmişdir. Hazırda şikayət və tələbləri olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, 11 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3692/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(043)- 2620/2017 nömrəli qətnaməsi ilə, xx.xx.2015-ci il təvəllüdlü Alıyeva Leyla Röyal qızının yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 110 (yüz on) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 130 (yüz otuz) manat məbləğində müəyyən edilməsi və xx.xx.2015-ci il təvəllüdlü Alıyeva Leyla Röyal qızının yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs qızına ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3692/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş və digər aidiyyəti sənədlər borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, məhkəmə iclasında tələbkar və borclu öz aralarında razılıq əldə olunması barədə məhkəməyə ərizə vermiş, tələbkar şikayət və tələbinin olmadığını, borclu barəsində başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar