Məhkəmə qərarları › İş №3(043)-1015/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1015/2020

25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1015/2020 25.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərər çəkmiş şəxsin nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-300/13 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində aliment və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə 40 manat olmaqla, cəmi 100 manat məbləğində pulun alınaraq tələbkar X5 ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 4642/18 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment, 60 manat müalicə üçün əlavə xərc və 5000 manat isə müalicə xərcinin alınaraq X5 ödənilməsi qət edilmişdir. Borclu Şəxs 2016-cı ilin fevral ayınadək aliment pulu ödəmişdir. Həmin tarixdən bugünədək aliment pulu ödəməmişdir və hal-hazırda onun aliment borcu 7900 manat və 5000 manat müalicə xərci təşkil edir. Borclu Şəxs aliment pulunu ödəməkdən yayındığına görə onun barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə axtarış işi açılmışdır. xx.xx.2020-ci il tarixdə borclu könüllü şəkildə İcra İdarəsinə gəlmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 izahatında bildirdi ki, borclunun rəsmi qeydiyyatda olduğu ünvanına tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığından və uzun müddət Azərbaycan Respublikasında olmadığından bildirişi ona təqdim etmək mümkün olmamışdır. Lakin, borclu icra sənədindən şifahi qaydada məlumatlı olmuşdur. Onun hal-hazırda 7900 manat aliment borcu və 5000 müalicə xərci borcu vardır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş icra sənədindən məlumatı olmamışdır. Belə ki, həmin vaxt o Rusiya Federasiyasında olmuşdur. Bu yaxınlarda Azərbaycan Respublikasına gəldikdən sonra barəsində axtarış işinin açıldığını öyrənmiş və özü könüllü olaraq xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə getmişdir. Həmin icra sənədinin icrası ilə bağlı ona tələbin könüllü icrası barədə bildiriş və ya xəbərdarlıq verilməmişdir. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi X7 izahatında bildirdi ki, borclu Şəxs uzun müddət Rusiya Federasiyasında olsa da, onun icra sənədinin icrasından məlumatı olmuşdur. Bu barədə onunla dəfələrlə danışılmışdır. Borclu bilərəkdən məhkəmə qətnaməsinin icrasından yayınır. Odur ki, borclu barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-300/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il tarixdən etibarən Şəxs xx xxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində aliment və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə 40 manat olmaqla, cəmi 100 manat məbləğində pul tutularaq X5 ödənilməlidir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-4642/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, azyaşlı Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması, xx.xx.2008-ci il təvəllüdlü X1 müalicəsi üçün əlavə xərc kimi hər ay Şəxs 60 manat pulun tutularaq X5 ödənilməsi, eyni zamanda X1 müalicə və müayinələri üçün çəkilmiş xərclərə görə 5000 manat pul tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında qərar”ın surətindən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-4642/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən icra icraatı zamanı borclunun əmlakı barədə müvafiq qurumlara sorğular verilmiş, onun adına daşınar və daşınmaz əmlakların olmaması, banklarda pul vəsaitinin olmaması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş icra məmuru tərəfindən icra sənədində borclunun yaşayış ünvanı kimi göstərilən ünvan 2 ünvanına göndərilmiş, lakin borclu həmin ünvanda yaşamadığından məktubun ona çatdırılması mümkün olmamış və icra idarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 2(0430-4642/2018 saylı icra sənədinin icraata başlandığı vaxtdan bugünədək borclunun yaşayış yeri məlum olmadığından “icraata başlamaq haqqında qərar”ın surətini və “tələbin könüllü icrası barədə bildiriş”i borcluya təqdim etmək mümkün olmamışdır. Borclu Şəxs onun barəsində axtarış elan edildiyini öyrəndiyinə görə könüllü olaraq xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə getmişdir. Borclunun bundan əvvəl Gəncə şəhəri üzrə İcra İdarəsində olmasını və ya onun xx.xx.2018-ci il tarixli 2(043)-4642/2018 saylı icra sənədinin icrası barədə əvvəllər məlumatlı olmasına dair heç bir mötəbər sübut iş materiallarında mövcud deyildir. Qanunun tələbinə görə, icra məmuru tərəfindən “müəyyən olunmuş müddətdə” borclu icra sənədini üzrsüz səbəbdən icra etmədiyi halda, onun əməli İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. İcra məmuru isə tələbin könüllü icrası barədə bildirişi, icraata başlamaq haqqında qərarın surətini borcluya təqdim etmədən, qanunda göstərilən “müəyyən olunmuş müddəti” gözləmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borcluya qeyd olunan sənədlər təqdim edildikdən və tələbin könüllü icrası barədə qanunla müəyyən edilmiş müddət keçdikdən sonra onun barəsində məcburi icra tədbirləri görülməli, yalnız bundan sonra müəyyən edilmiş müddət ərzində icra sənədi “üzrsüz səbəb”dən icra edilmədiyi halda, borclunun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi mümkün ola bilər. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar