Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-105/2020 16.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X6 oğlunun Azərbaycan Respublikası İ̇nzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İ̇darəsi DYPŞ-in rəisi Zalov Rəhim İ̇smayıl oğlu tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İ̇darəsi DYPŞ-in rəisi Zalov Rəhim İ̇smayıl oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli qərara əsasən X6 oğlu Azərbaycan Respublikası İ̇nzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İ̇nzibati xəta haqqında qərar və protokoldan narazı qalan X6 oğlu şikayət verərək, həmin qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. N.M.Əsgərov şikayətini onunla əsaslandırmışdır ki, “Yol Hərəkəti haqqında Qanun”un 1 saylı Əlavəsinə əsasən istehsaldan çıxarılmış nəqliyyat vasitələrinə başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının quraşdırımasına yol verilir. İXM-nin 342.2.2-ci maddəsində isə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. O isə avtomobilinə heç bir avadanlıq quraşdırmamışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(043)-105/2020 saylı qərarına əsasən (hakim C.T.Tağıyev) şikayət təmin edilmiş, X1 Azərbaycan Respublikası İ̇XM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat inzibati cərimə olunmasına dair Gəncə şəhər Baş Polis İ̇darəsinin DYPŞ-in rəisi Zalov Rəhim İ̇smayıl oğlu tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İ̇darəsinin Dövlət yol polisi şöbəsinə göndərilməsi qərara alınmışdır. Qərardan narazı qalan Gəncə şəhər Baş Polis İ̇darəsinin DYPŞ-in rəisi Zalov Rəhim İ̇smayıl oğlu şikayət verərək, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(043)- 105/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(104)-111/2020 saylı qərarına əsasən (hakim T.A.Muxtarov) şikayət təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(043)-105/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında materiallar yenidən baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(043)-105/2020 saylı qərarına əsasən (hakim Z.N.Hüseynov) şikayət təmin edilmiş, X1 Azərbaycan Respublikası İ̇XM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat inzibati cərimə olunmasına dair Gəncə şəhər Baş Polis İ̇darəsinin DYPŞ-in rəisi Zalov Rəhim İ̇smayıl oğlu tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İ̇darəsinin Dövlət yol polisi şöbəsinə göndərilməsi qərara alınmışdır. Qərardan narazı qalan Gəncə şəhər Baş Polis İ̇darəsinin DYPŞ-in rəisi Zalov Rəhim İ̇smayıl oğlu şikayət verərək, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(043)-105/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(104)-196/2020 saylı qərarına əsasən (hakim Ç.B.Məmmədov) şikayət təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(043)-105/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında materiallar yenidən baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında material Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə daxil olduqdan sonra iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, avtomobilinin duman əleyhinə farasının içərisinə ksenon deyil, led lampası quraşdırmışdır və həmin lampa ehtiyat hissələri satılan mağazalarda açıq formada satılır və bu cihazın işıqlanması 800 “Lumen”dir. Ona görə də, bu cür işıqların istifadə edilməsinə qanunvericilikdə hər hansı qadağan qoyulmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, şikayətin təmin edilməsi, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gəncə şəhəri Baş Polis İdarəsinin DYPŞ-yə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Bununla yanaşı, məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin DYPŞ-nin Əlahiddə yol-patrul xidmətinin inspektoru polis baş serjantı X2 (protokolu tərtib etmiş şəxs) şikayətin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, həqiqətən də X3 məxsus avtomobilə quraşdırılmış lampa ksenon deyil, led tipli lampa olmuşdur. Bununla belə duman işıqlarına Led və ya ksenon tipli lampaların quraşdırılması yolverilməzdir. Bununla bağlı qanunvericilikdə konkret bir göstəriş olmasa da, bu hər bir halda normativ tələblərin pozulması sayılır. Çünki, avtomobilin duman işıqlarına led və ya ksenon tipli lampalar quraşdırıldıqda, bu qarşıdan gələn avtomobil üçün görüş məhdudiyyəti yaradır və təcrübədə bu kimi hallarda dəfələrlə ağır nəticələnən qəzaların olmasının şahidi olmuşdur. Digər tərəfdən, yalnız duman işıqlarına işıqlanması 2000 “Lumen”dən çox olmayan lampaların taxılmasına icazə verilir. X1 avtomobilinə quraşdırılmış lampalar isə bu tələbə uyğun olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2020-ci il tarixli ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Baş Polis İdarəsinin DYPŞ-nin Əlahiddə yolpatrul xidmətinin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mercedes Benz E 240 markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 normativ tələbləri pozmaqla avadanlığın quraşdırılmasına görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İ̇darəsinin DYPŞ-in rəisi Zalov Rəhim İ̇smayıl oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, X6 oğlu idarə etdiyi nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırdığına görə Azərbaycan Respublikası İ̇nzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar və inzibati xəta haqqında protokol ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X4 tərəfindən ona məxsus avtomobilin duman işıqlarına sonradan led lampalı işıq cihazı quraşdırılması halı yol-patrul xidmətinin inspektoru tərəfindən aşkar olunmuş, onun barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokol əsasında Gəncə şəhər Baş Polis İ̇darəsinin DYPŞ-in rəisi Zalov Rəhim İ̇smayıl oğlu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarla Namiq Əsgərov İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Namiq Əsgərov, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İ̇XM-in 342.2.2-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun tələbinə görə, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinə normativ tələbləri pozmaqla “avadanlıq” quraşdırılmalı və ya dəyişdirilməlidir. Hazırki iş üzrə səlahiyyətli orqan isə, avtomobilin duman əleyhinə farasının içərisində olan lampanın “Led” tipli lampa ilə əvəz edilməsinin nəqliyyat vasitəsinə “avadanlıq” quraşdırılmış (vəya dəyişdirilmiş) sayılıbsayılmamasını, bu hal avadanlığın quraşdırılması (dəyişdirilməsi) sayıldığı halda, bunun hansı normativ tələbləri pozmasını aydınlaşdırmadan X1 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi dispozitiv norma olmaqla nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmasına görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsində göstərilmiş Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısının İİİ hissəsində Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir); Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda; Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda; İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə; Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda; Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nəqliyyat vasitələrinin istismarının qadağan edildiyi göstərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda N.Əsgərovun avtomobilə quraşdırdığı lampanın məhz hansı normativ tələbləri pozması göstərilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinə xarici işıq cihazlarında istifadə edilən lampalarla bağlı hansı normativ texniki sənədlərin tətbiq edilməsi ilə bağlı verilmiş sorğuya heç bir cavab verilməmişdir. Məhkəmə tərəfindən müvafiq normativ sənədlərin araşdırılması zamanı da xarici işıq cihazlarında istifadə edilən lampaların tənzimlənməsi ilə bağlı heç bir normativ tələblər müəyyən edən sənəd aşkarlanmamışdır. Normativ tələblər olmadığı halda quraşdırılmış avadanlığın normativ tələblərə uyğun olub-olmamasının yoxlanması və buna görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, X4 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X6 oğlunun Azərbaycan Respublikası İ̇XM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İ̇darəsinin DYPŞ-in rəisi Zalov Rəhim İ̇smayıl oğlu tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-105/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-105/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver