Məhkəmə qərarları › İş №3(043)-105/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-105/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-105/2021 08.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayət verən şəxs X2 və protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis serjantı X3 iştirakı ilə, X2 Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polkovnik leytenantı X8 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X4 Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsinin polkovnik leytenantı X8 tərəfindən onun barəsində xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında özünə məxsus olan Lada 21214 URBAN markalı, ** TO *** qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin inspektoru polis serjantı X5 onu saxlayaraq sənədlərini tələb etmişdir. Sənədləri yol polis əməkdaşına təqdim etdikdən sonra, bildirmişdir ki, avtomobilində əlavə avadanlıqlar quraşdırılıb və ona cərimə yazılmalıdır. Yol pois əməkdaşından hansı əlavə avadanlıqların quraşdırılmasını soruşsa da , o, musiqi çaların səs gücləndiricisi üçün ona cərimə yazılacağını bildirmişdir. O, yol polis əməkdaşına musiqi çaların səs gücləndiricisinin əlavə avadanlıq və ya dəyişiklik olmamasını bildirsə də yol polis əməkdaşı onun barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib etmiş və həmin protokol əsasındı inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq onu 150 manat cərimə etmişlər. Qərarın surəti ona təqdim olunmadığından və protokol əsassız olaraq yazıldığından o, sözügedən protokol ilə razılaşmayaraq protokoldan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməyə şikayət vermişdir. Lakin protokoldan məhkəməyə şikayət vermək mümkün olmadığı üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(043)-626/2020 saylı qərardadı ilə ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardad xx xxxxxx 2020-ci il tarixli məktubla ona göndərilmişdir. Şikayətin geri qaytarılmasına dair qərardadı aldıqdan sonra inzibati tənbeh vermə haqqında qərarı elektron qaydada əldə etmişdir. Sözügedən qərar hazırki vaxta kimi ona rəsmi şəkildə verilməmişdir. Hesab edir ki, avtomobilinə quraşdırılmış musiqi çaların səs gücləndiricisi əlavə avadanlıq hesab olunmadığından xx.xx.2020-ci il tarixli TP ******* saylı qərar tam qanunsuz və əsassızdır. Ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, idarə etdiyi avtomobilə yalnız musiqi çaların səs gücləndiricisi quraşdırmışdır və həmin səs gücləndirici qanunla əlavə avadanlıq hesab edilmir. Məhkəmə iclasında protokol tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsinin polis serjantı X6 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 idarə etdiyi avtomobilə əlavə avadanlıq olan “musiqi çaların səs gücləndiricisini” quraşdırdığına görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o inzibati məsuliyyətə cəlb edilmişdir. Şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan:- xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X4 idarə etdiyi avtomobilə normativ tələbləri pozmaqla əlavə avadanlıq quraşdırdığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o idarə etdiyi avtomobilə normativ tələblər pozulmaqla əlavə avadanlıqlar quraşdırmışdır. Həmin Qərarda əlavə avadanlıqların nədən ibarət olması göstərilməsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından və səlahiyyətli orqanının işçisinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, sürücüdən aşkar edilmiş qanunsuz avadanlıqlar “musiqi çaların səs gücləndiricisi olmuşdur. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan həmin əsasla şəxsi inzibati məsuliyyətə cəlb etməkdə haqlı olmamışdır. Çünki Qanunla “musiqi çaların səs gücləndiricisinin” nəqliyyat vasitəsinə quraşdırılması əlavə avadanlıq hesab edilməmiş və bu barədə qadağa olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə oln halda məhkəmə hesab edirik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində inzibati xəta tərkibi olmadığından Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsinin polis polkovnik leytenantı X8 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsinin polis polkovnik leytenantı X8 tərəfindən X2 barəsində xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar