Məhkəmə qərarları › İş №3(043)-108/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-108/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-108/2021 22.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, X1 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: X3 şikayət ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında karantin ilə bağlı tətbiq edilmiş SMS icazə sistemindən 8103 nömrəsinə SMS göndərib və təsdiqlənmə ilə bağlı cavab (3 saat icazə) gəldikdən sonra evdən çıxmış və şəhərdaxili qurulmuş postlarda saxlanılan zaman polis əməkdaşı ona icazəsinin olmadığını bildirmişdir. Müəyyən olundu ki, o, birinci sərtləşdirmə ilə bağlı sms icazə sistemi vaxtından telefonunda qalan köhnə şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yalnışlıqla göndərmişdir. O, polis əməkdaşlarına sms-i səhvən göndərdiyini bildirməsinə baxmayaraq, polis əməkdaşı onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, X3 barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat cərimə olunmuşdur. X3 isə onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edildiyi inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət vermiş, yalnız həmin protokolu mübahisələndirmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarı rəsmi qaydada əldə etməli, yalnız bundan sonra qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində (İXM-nin 130.1-ci maddəsi) qərarın surətini şikayətə əlavə etməklə həmin qərardan məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı protokoldan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov İş № 3(043)-108/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx xxxxxx 2021-ci il Gəncə şəhəri Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hakimi Hüseynov Zaur Nazim oğlu, X1 barəsində inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə inzibati xəta haqqında materiala baxır. Prosessual hərəkət saat 09:10-da başlanır. İş materiallarını nəzərdən keçirərək inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardadı qəbul etdim. Prosessual hərəkət saat 09:15-də başa çatdı. Hakim Zaur Hüseynov İş № 3(043)-108/2021 xx xxxxxx 2021ci il X2 Ünvan: Gəncə şəhəri, Ş.Hüseynov küçəsi ev 12, mənzil 6 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(043)-108/2021 saylı qərardadına əsasən inzibati xəta haqqında protokoldan verdiyiniz şikayət və ona əlavə edilmiş sənədlər Sizə geri qaytarılır. Qoşma: qərardadın surəti, şikayət və ona əlavə olunmuş sənədlər Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar