Məhkəmə qərarları › İş №3(043)-11/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-11/2021

05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-11/2021 05.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Gədəbəy rayonunda doğulmuş, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki Gəncə şəhəri, Kimyaçılar küçəsində fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxx 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi BMW 535İ markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, protokolu Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinin operatoru, polis kapitanı Vüqar Abbasovun raportu əsasında tərtib etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 02:26 radələrində etibarnamə əsasında idarə etdiyi BMW 535İ markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, Azərbaycan Texnologiya Universitetinin qarşısında və Gəncə şəhəri D.Qorqud küçəsində, “Fatoğlu” un dəyirmanının yaxınlığında təhlükəli manevrlər etməklə, avtomobili dəfələrlə öz oxu ətrafında fırladaraq əhalinin dincliyini nümayişkəranə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkət qaydalarının müxtəlif üsullarla davamlı pozulması ilə müşayiət olunan hərəkətlərə yol vermişdir. Həmin nəqliyyat vasitəsinin və sürücüsünün müəyyən edilməsi istiqamətində tərəflərindən araşdırma aparılmış, nəqliyyat vasitəsi və onun sürücüsü Şəxs aşkar edilərək izahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyi tam şəkildə sübuta yetirildiyindən onu məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək bildirdi ki, həqiqətən də o, xx xxxxxx 2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi BMW 535İ markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobildə gecə saat 02 radələrində dostu ilə birlikdə olmuş, bu zaman əsəbi olduğu üçün avtomobillə heç bir zərurət olmadan təhlükəli manevrlər etmişdir. Avtomobili bir neçə dəfə yolun ortasında öz oxu ətrafında fırlatmış, bundan başqa ikinci dərəcəli yoldan Ş.İ.Xətai prospektinə yüksək sürətlə daxil olaraq yol hərəkət qaydalarını pozmuşdur. Hadisə vaxtı ayıq olmuş, əsəbi olduğu üçün qayda pozuntularını bilərəkdən törətmişdir. Hazırda etdiyi hərəkətdən peşmandır, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli raportdan məlum olur ki, Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinin operatoru, polis kapitanı X4 şəhər BPİ-nin rəisinə məruzə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 02:26 radələrində BMW 535İ markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, Azərbaycan Texnologiya Universitetinin qarşısında və Gəncə şəhəri D.Qorqud küçəsində, “Fatoğlu” un dəyirmanının yaxınlığında təhlükəli manevr hərəkətləri ilə avtoxuliqanlıq etməsi “Təhlükəsiz şəhər” Xidmətinin kameraları vasitəsilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 7E-17379 reyestr nömrəli xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən məlum olur ki, BMW 535İ markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi tərəfindən Şəxs həmin avtomobili idarə etmək üçün 11 ay 16 gün müddətinə etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixdə verilmiş AE 117532 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, BMW 535İ markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil ikinci dərəcəli yoldan Ş.İ.Xətai prospektinə yüksək sürətlə daxil olaraq avtomobili öz oxu ətrafında fırladaraq 1.3 bütöv nişanlanma xəttinin tələbini pozaraq qarşı hərəkət zolağına daxil olur, yenidən yolun əks istiqamətli zolağına qayıdaraq hərəkətini davam etdirir. Bundan başqa Gəncə şəhəri, D.Qorqud küçəsində yolayrıcında avtomobili ayrı ayrılıqda iki dəfə öz oxu ətrafında fırladaraq təhlükəli manevrlər edir və yolayrıcını keçmə qaydasını pozur. Bununla sürücü bir-birinin ardınca bir neçə qayda pozuntusuna yol verir və aşkar surətdə həmin hərəkətlərin heç bir zərurətdən irəli gəlmədiyi, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmağa yönəldiyi və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi bəlli olur. Şəxs İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ilk dəfə idarəetmə qaydaları əleyhinə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Eyni zamanda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh - nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar