Məhkəmə qərarları › İş №3(043)-11/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-11/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-11/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhər DYPŞ-in polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, İqor Makeyev küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhər X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs 02.02.2022-ci il tarixdə saat təxminən 00:20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində “Nissan Teana” markalı, **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq alın və qabaq yan şüşələrində qanunla qadağan edilmiş plyonka olduğundan saxla işarəsinə qəsdən tabe olmayaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində olan işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirib sürətini artıraraq Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsi istiqamətində təhlükəli manevrlər, 1.1 və 1.3 üfiqi nişanlama xətlərinin tələblərini dəfələrlə qərəzli şəkildə pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 02.02.2022-ci il tarixdə saat təxminən 00:20 radələrində “Nissan Teana” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində olan işıqforun qırmızı işığında yol ayrıcına daxil olmuş, yol patrul xidmətinin saxla işarəsinə tabesizlik göstərərək hərəkətini davam etdirmiş, “Dəyirman” dairəsinə daxil olub düzünə keçdikdən sonra M.Xəlfov küçəsi istiqamətində hərəkətdə olarakən 1.1 və 1.3 üfüqi nişanlama xətlərinin tələblərini pozaraq M.Xələfov küçəsinin kəsişməsində olan işıqforun qadağanedici qırmızı işığında yol ayrıcına daxil olub sola dönmüş, yol patrul xidməti onu saxladıqda içkili olduğundan yol patrul xidmətinin inspektorunun üzərinə sürərək vurub yerindən qəfləti sürətləndirməklə həmin yerdən uzaqlaşıb getmişdir. Hazırda əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri əsas məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin ƏYPXB-nin polis nəfəri, polis serjantı X5 izahat verərək göstərdi ki, 02.02.2022-ci il tarixdə ekipaj yoldaşı polis nəfəri polis serjantı X6 ilə “Mercedes Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla xidmətdə olarkən saat təxminən 00:20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kasişməsində “Nissan Teana” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq alın və qabaq yan şüşələrində qanunla qadağan edilmiş plyonka olduğunu görüb səs gücləndirici vasitəsi ilə sürücüyə saxla işarəsi vermişlər, lakin sürücü saxla işarəsinə qəsdən tabe olmayaraq Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində olan işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirib sürətini artıraraq Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsi istiqamətində təhlükəli manevrlər, 1.1 və 1.3 üfüqi nişanlama xətlərinin tələblərini dəfələrlə qərəzli şəkildə pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla hərəkət etdirmişdir. Sürücünün saxla işarəsinə tabe olmadığını gördükdə radiostansiya vasitəsilə “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan naryadı köməyə çağırmışlar. Onlar M.Xələfov küçəsində “Nissan Teana” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdırdıqdan sonra o, düşüb sürücüyə yaxınlaşmaq istəyərkən sürücü avtomobili bir qədər geriyə, daha sonra isə qabağa hərəkət etdirərək polis serjantı X3 üzərinə sürərək vurub yerindən qəfləti sürətləndirməklə yerin səthinə sürtünmə səsləri çıxardılması ilə izlər salaraq avtoxuliqanlıq hərəkətləri edərək uzaqlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin polis baş serjantı, inspektoru X6 izahat verərək göstərdi ki, 02.02.2022-ci il tarixdə ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında ekipajın polis serjantı Orxan Həsənli ilə xidmətdə olarkən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində hərəkətdə olan “Nissan Teana” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın və qabaq yan şüşələrində qanunla qadağan edilmiş plyonka olduğunu görüb saxla işarəsi vermiş, sürücü saxla işarəsinə tabe olmamış, hərəkətini davam etdirmiş, daha sonra M.Xələfov küçəsində yenidən tabe olmayaraq getmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidlərinin izahatlarını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, onun ilk dəfə inzibati xəta törətdiyini, əməlini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati həbsə alınmanın əvvəli 05 yanvar 2022-ci il tarixdən, saat 11:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 05 yanvar 2022-ci il tarixdən, saat 11:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X4 həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar