Məhkəmə qərarları › İş №3(043)-111/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-111/2020

29.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-111/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa оğlu, x3 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhər DYPŞ-in polis baş leytenantı x4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Goranboy rayonu Ağamalıoğlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə Gəncə şəhəri BPİ-nin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektoru polis baş leytenantı x6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 22.01.2020-ci il tarixli protokol tərtib edilərək 29.01.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 22.01.2020-ci il tarixdə Mercedes Benz E350 markalı 90LR788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs x6 bildirdi ki, Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinin operatoru, polis serjantı Mehman Süleymanov 22.01.2020-ci il tarixdə raportla Gəncə şəhər BPİ-nin rəisinə məruzə edərək bildirmişdir ki, 22.01.2020-ci il tarixdə saat 21:01 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə Ələkbərbəy Rəfibəyli küçəsinin kəsişməsində Mercedes markalı 90LR788 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri edilməsi “Təhlükəsiz şəhər” xidmətinin GTŞ-080 saylı kamerası vasitəsilə müəyyən edilmişdir. Həmin nəqliyyat vasitəsinin və sürücüsünün müəyyən edilməsi istiqamətində tərəfindən araşdırma aparılmış və 22.01.2020-ci il tarixdə nəqliyyat vasitəsi və onun sürücüsü Şəxs aşkar edilərək izahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirdi ki, 22.01.2020-ci il tarixdə saat 21:01 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə Ələkbərbəy Rəfibəyli küçəsinin kəsişməsində Mercedes markalı 90LR788 dövlət qeydiyyat nişanlı avtomobili onun tərəfindən idarə olunarkən yol hərəkəti qaydaları pozulmuş və bu zaman şəhər kamerası tərəfindən qeydə alınmışdır. Özünü inzibati xətanın törədilməsində təqsirli bilərək, etdiyi hərəkətdən peşman olduğunu, həmin vaxt uşağına dərman almağa getdiyi üçün tələsdiyini, buna görə də avtomobili pis idarə etdiyini və yerində fırlatdığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə tövsif edilmiş və onun həmin inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş 22.01.2020-ci il tarixli raportdan məlum olur ki, Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinin operatoru, polis serjantı Mehman Süleymanov 22.01.2020-ci il tarixdə raportla Gəncə şəhər BPİ-nin rəisinə məruzə edərək bildirmişdir ki, 22.01.2020-ci il tarixdə saat 21:01 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə Ələkbərbəy Rəfibəyli küçəsində Mercedes markalı 90LR788 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri edilməsi “Təhlükəsiz şəhər” xidmətinin GTŞ- 080 saylı kamerası vasitəsilə müəyyən edilmişdir. Odur ki, onun barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, Mecedes Benz E350 markalı 90LR788 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü 22.01.2020-ci il tarixdə saat 21:01 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə Ələkbərbəy Rəfibəyli küçəsinin kəsişməsində idarə etdiyi avtomobilə yol hərəkəti iştirakçıları üçün təhlükəli olan hərəkət edərək, əks hərəkət yoluna çıxmaqla, əyləcdən istifadə edərək dairəvi hərəkət etmiş, yenidən yol ayrıcına yaxın yerdə geriyə dönmə qadağan olunduğu halda avtomobili geriyə döndərərək yol hərəkəti qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş AD N 647761 nömrəli x1 Şahadətnaməsinin surətindən görünür ki, Mecedes Benz E350 markalı 90LR788 dövləq qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi x2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, ƏN-Vİİ 083255 nömrəli 07.01.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, x2 mülkiyyətində olan Mercedes Benz E350 markalı 90LR788 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük huququ olduqda idarə etməyi, sərəncam verməyi, bağışlamağı və.s 1 il müddətində Şəxs etibar etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının bir neçəsini pozaraq nümayişkaranə və qərəzli şəkildə yol hərəkətinin digər iştirakçılarının dincliyini pozmuş, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmişdir. Şəxs İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Eyni zamanda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Gəncə şəhər Baş Polis İdarəsinin x5 qəbul edildiyi saatdan hesab edilsin. Qərar dərhal icra edilsin Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin x5 həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar