Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-114/2022 25.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsinin polis sahə rəisi, polis X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis bölməsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 25 fevral 2022ci il tarixdə gecə saat 00:45 radələrində Gəncə şəhəri, A.İsgəndərov küçəsində yerləşən “Topaz” mərc oyunları obyektini gecə saat 24-dən sonra işlədərək “Covid 19” infeksiyası ilə bağlı tətbiq edilən karantin qaydalarını pozmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X7 protokolun məzmununa uyğun çıxış edərək, bildirdi ki, 25 fevral 2022-ci il tarixdə saat 00:45 radələrində Şəxs “Topaz” mərc oyunları oynanılan obyektdə işlədərək epidemiya qaydalarını pozmuşdur. Belə ki, həmin gün saat 00:45 radələrində obyekt açıq olmuş, içəridə barəsində icraat aparılan şəxs və başqa iki nəfər də şəxs olmuşdur. Həmin vaxt müştərilərə yerində xidmət göstərilib-göstərilməməsindən məlumatı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında göstərdi ki, o, “Topaz” mərc oyunları oynanan obyekti işlədir. 25 fevral 2022-ci il tarixdə “Qarabağ” futbol klubu ilə “Marsel” futbol klubu arasında X2 matçı olmuş, matç saat 23:20-də başa çatmışdır. Bundan sonar müştərilər çıxıb getmiş, o oğlu və ilə birlikdə obyekti səliqəyə salmaqla məşğul olmuş, kompüterlərin yaddaşını təmizləmişdir. X1 isə çöldə quraşdırılmış anteni açaraq obyektə gətirmişdir. Saat təxminən 24 radələrində obyekti bağlayıb çıxmağa hazırlaşarkən ərazidən keçən polis əməkdaşı onlardan obyekti niyə bağlamadqlarını soruşmuş, o isə vəziyyəti izah edərək içəridə müştərinin olmadığını özlərinin obyekti qaydaya saldıqlarını bildirsə də polis əməkdaşları onu götürüb Kəpəz RPİ-yə aparmışdır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPB-nin sahə rəisi polis baş leytenantı X5 izahat verərək bildirdi ki, inzibati xətanın törədilməsində təqsirli bilinən şəxsi tanıyır, Şəxs təxminən 10 ay olar ki, Topaz” mərc oyunları oynanan obyekti işlədir. 25 fevral 2022-ci il tarixdə gecə saat 00:45 radələrində “Topaz” mərc oyunları oynanan obyektə baxış keçirərkən Kamil və oğlu orda olmuşdur. Lakin içəridə başqa şəxslərin müştəri qismində olub-olmadığına fikir verməmişdir. Karantin qaydalarına görə saat 24dən sonra obyektlərin açıq olması qadağandır. Buna görə də K.Abbasovu Kəpəz RPİ-yə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid qismində verdiyi izahatında Şəxs ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin ifadələrini dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 25 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xətanın qarşısının alınması məqsədi ilə Şəxs 22 fevral 2022-ci il tarixdə saat 01:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş 31 may 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X6 ilə Şəxs arasında ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 31 may 2022-ci il tarixədək icarə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Ticarət nümayəndəsi haqqında müqavilə”dən görünür ki, "xxxx" QSC ilə Şəxs arasında Cəmiyyətin tapşırığı əsasında ticarət nümayəndəsi qismində Cəmiyyətin adından və hesabına idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə vasitəçilik xidmətlərinin göstərilməsini təmin etmək üçün müqavilə bağlanmışdır. Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcudluğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 9 saylı Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılmışdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən 2021-ci il 1 fevral saat 00:00dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Qeyd olunan Qərardan göründüyü kimi saat 00:00-dan saat 06:00-dək ictimai iaşə obyektlərinin açıq olmasına yox, həmin obyektlərdə müştərilərə yerində xidmət göstərilməsi qadağan edilmişdir. Hazırkı iş üzrə isə protokolu tərtib etmiş şəxsin və şahidlərin barəsində icraat aparılan şəxsin ifadəsi ilə üst-üstə düşən ifadələrindən görünür ki, Şəxs barəsində protokol müştərilərə yerində xidmət göstərilməsinə görə yox, sadəcə obyektin həmin saatda açıq olmasına görə tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-114/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-114/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver