Məhkəmə qərarları › İş №3(043)-117/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-117/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-117/2021 27.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, X1 katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3341/18 nömrəli icra sənədi üzrə alimenti ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə 1800 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3341/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət etdilmişdir. Borclu icra sənədi üzrə alimenti vaxtı vaxtında ödəmədiyi üçün 1800 manat aliment borcu qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, icra sənədinin könüllü ödənilməsi barədə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə ona bildiriş verilmişdir. Həmin ərəfədə maddi imkanının olmaması və işsiz olması səbəbindən icra sənədi üzrə alimenti ödəyə bilmədiyi üçün borcu yaranmışdır. Lakin 2019-cu ilin əvvəllərindən fəhlə işlədiyi üçün alimenti ödəməyə başlamışdır. İmkanı daxilində aylıq müəyyən olunmuş 130 manat alimenti və yaranmış borcundan bir qismini az-az ödəmişdir. Fəhlə işlədiyi üçün və qazancı sabit olmadığı üçün alimenti müxtəlif vaxtlarda və məbləgdə ödəmişdir. Alimenti ödəməkdən yayınmaq fikri olmamış və hər ay qazandığı məbləğə uyğun ödəniş etmişdir və bundan sonra da ödəyəcəkdir. Ölkədə olan karantin rejimi ilə bağlı olaraq iş tapmaqda çətinlik çəkir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs bu günədək alimenti hissə-hissə olmaqla 50-100 manat olmaqla ödəmişdir. Karantin dövründə ümumiyyətlə ödəniş etməmişdir. Heç vaxt alimenti sabit olaraq ödəməmişdir. Borclunun 1800 manat borcu yarandığını göstərərək barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş,aliment üzrə hesabdan çıxarışdan görünür ki, borclu 2019-cu ilin yanvar ayından başlayaraq xx.xx.2019-cu il tarixdə 50 manat, xx xxxxx 2019-cu il tarixdə 150 manat, xx xxx 2019-cu il tarixdə 80 manat, xx xxx 2019-cu il tarixdə 80 manat, xx xxx 2019-cu il tarixdə 110 manat, xx xxxx 2019-cu il tarixdə 90 manat, xx xxxx 2019-cu il tarixdə 40 manat ,29iyul 2019-cu il tarixdə 130 manat, xx xxxxxx 2019-cu il tarixdə 130 manat, xx xxxxxxxx 2019-cu il tarixdə 130 manat, xx xxxxxxx 2019-cu il tarixdə 130 manat, xx xxxxxx 2019-cu il tarixdə 130 manat, xx xxxxxx 2020-ci il tarixdə 150 manai, xx xxxxxx 2020-ci il tarixdə 150 manat, xx xxxx 2020-ci il tarixdə 150 manat, xx xxxx 2020-ci il tarixdə 150 manat, xx xxxxxx 2020-ci il tarixdə 150 manat, xx xxxxxx 2020-ci il tarixdə 50 manat, xx xxxxxxxx 2020-ci il tarixdə 150 manat, 29 senntyabr 2020ci il tarixdə 50 manat,xx xxxxxx 2020-ci il tarixdə 6 manat, xx xxxxxx 2020-ci il tarixdə 48 manat, xx xxxxxx 2020-ci il tarixdə 110 manat, xx xxxxxx 2021-ci il tarixdə 10 manat, xx xxxxxx 2021-ci il tarixdə 5 manat, xx xxxxxx 2021-ci il tarixzdə 50 manat,xx xxxxxx 2021ci il tarixdə 26 manat,xx xxxxxx 2021-ci il tarixdə 5 manat, xx xxxxxx 2021-ci il tarixdə 30 manat, xx xxxxxx 2021-ci il tarixdə 50 manat ödəniş etmişdir. İXM-in 528.1-ci maddəsindən görünür ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Proses iştirakçılarının izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən alimenti və borcunun ödənilməsinə laqeyd yanaşmamış, maddi imkanının yol verdiyi həddə alimenti və borcunu ödəməyə çalışmışdır. Göründüyü kimi qanunvericilikdə yalnız icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməmsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət yaranır. Lakin təqdim olunmuş inzibati material üzrə işdə iştirak edən şəxslərin ifadələri və məhkəmə iclasında araşdırılmış sübutlarla borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapmamışdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 30-34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar