Məhkəmə qərarları › İş №3(043)-119/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-119/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-119/2021 28.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin nümayəndəsi X2, zərər çəkmiş şəxslər X8 və X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş materiallar baxılması üçün xx xxxxxx 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis mayoru Nəsib Musayev tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbə sakini X5 məxsus Vaz-2107 markalı avtomobildən bir ədəd Pioner markalı maqnitafon oğurlamışdır. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis mayoru Nəsib Musayev tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbə sakini X4 məxsus Mercedes Vito markalı avtomobildən 100 manat dəyərində şüşəni oğurlamağa cəhd etmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis mayoru Nəsib Musayev tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 23-cü küçədə yaşayan X3 yaşadığı evin qarşısında ona məxsus Mercedes markalı avtomobildən 180 manat dəyərində pioner markalı maqnitofonu oğurlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati materialların bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X6 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən müxtəlif vaxtlarda törədilmiş xırda talama əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokollarda qeyd olunan əməlləri törətmişdir. Həmin əməlləri o pula ehtiyacı olduğu üçün törətmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X8 izahatında bildirdi ki, ona məxsus Vaz 2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə yaşadığı evin qarşısında saxlamışdır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında avtomobilə yaxınlaşan zaman qapılarının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, avtomobilindən bir ədəd 60 manat dəyərində olan maqnitofonunun oğurlandığını bilmişdir. Həmin hadisəni törətmiş Şəxs ona vurulmuş zərəri bugünədək ödəməmişdir. Odur ki, onun barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə Mercedes E-190 markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binanın qarşısında saxlamışdır. xx.xx.2021-ci il tarixdə avtomobilinə yaxınlaşan zaman salonun içərisinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Avtomobilə baxış keçirən zaman 180 manat dəyərində olan pioner maqnitofonun oğurlandığını görmüşdür. Ona dəymiş zərər bugünədək ödənilməmişdir. Şəxs barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, yuxarıda qeyd olunan əməlləri törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarların surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 19:30-da tutulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 3(043)-843/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 1 ay 15 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran hal kimi isə eyni inzibati xətanın bir il ərzində təkrar törədilməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 2 (iki) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar