Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-12/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş materiallar baxılması üçün 05 yanvar 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 05.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 04.01.2022-ci il tarixdə Şəxs üzərindən çəkisi 0,066 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin götürülmüşdür. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, onun üzərindən heç bir psixotrop maddə aşkar edilməmişdir, qeyd edilən metamfetamin ona məxsus deyildir. O, əvvəllər metamfetamin qəbul etsə də, uzun müddətdir ki, istifadə etmir, sonuncu dəfə müharibə dövründə istifadə etmişdir. Odur ki, onun barəsində başlanılmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, 2019-cu ildən DİO-da xidmət edir və polis serjantıdır. 04.01.2022-ci il tarixdə saat 01:30 dəqiqədə xidmət yoldaşı olan polis serjantı Barat Məmmədov ilə birlikdə Gəncə şəhəri 3-cü mikrorayon ərazisində 13 saylı marşrutda 4679 nömrəli patrul avtomaşını ilə xidmətdə olan zaman həmin ərazidə 1 nəfər adını sonradan bildiyi Şəxs yolun kənarında 23 saylı yaşayış binasının qarşısında dayandığını və özünü şübhəli apardığını görmüşdür. Onlar Ruslanın özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edib nə üçün orada dayanmasını soruşmuşlar. Bu vaxt Ruslan əlini sol çibinə salaraq oradan nəsə çıxarıb əlində sıxıb saxlamış və tullamaq istəmişdir. Bu vaxt o, Ruslanı tutub saxlamış, saxlayan zaman Ruslan əlində olan 1 ədəd siqaret falqasına bükülü halda olan metafetaminə oxşar maddəni ona təqdim etmişdir. Buna görə də o Ruslanı həmin kütlə ilə birlikdə patrul avtomaşını ilə ərazi aidiyyəti üzrə Kəpəz RPİ-nə gətirmiş, Kəpəz RPİ-də Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tututlmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şəxs dövlət hesabına müdafiəçi ilə təmin edildikdən sonra videoçəkiliş vasitəsilə Ruslanın üzərinə şəxsi axtarış və onun təqdim etdiyi ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütləyə baxış keçirilərək götürülmüşdür. Şəxsi axtarış keçirilən zaman Şəxs üzərindən hər hansı bir narkotik və psixotrop maddə və yaxudda ki hər hansı bir cinayət xarakterli sair əşya aşkar edilməmişdir. Sonra Şəxs məxsus onun təqdim etdiyi həmin psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə elektron tərəzisində çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 digər şahid X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04.01.20212-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 04.01.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 01:55-də tutulmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16/3 saylı 04.01.2022-ci il tarixli rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş, kağız paketdəki 1 ədəd gümüşü rəngli folqa kağız bükümdə təmiz çəkisi 0,066 qram maddə kustar üsulla hazırlanmış psoxotrop maddə metamfetamindir. Həmin maddənin 0,01 qram hissəsi tədqiqata sərf edilmiş, 0,056 qram qalıq qalmışdır. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 02 saylı 04.01.2022-ci il tarixli rəydən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psoxotrop maddə olan metamfetamdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid izahatları, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 04.01.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün müalicə müəssisəsinə təhvil verilməli və o, narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə maddi sübut olan Şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,056 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli onun tutulduğu 04.01.2022-ci il saat 01:55-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin “Maddi sübutların saxlanılması” otağında saxlanılan 0,056 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-12/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-12/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver