Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-125/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Zərər çəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Samux rayonu, Nəbiağalı qəsəbəsi, T.İsmayılov küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi Zaur Hüseynov tərəfindən tərtib olunmuş 28 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07.12.2021-ci il tarixdə X1 istifadəsində olan avtobusun şüşəsini sındıraraq ona 40 manat maddi zərər vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməli törətmişdir. Hazırda əməlinə görə peşmançılıq çəkir. Əlavə olaraq bildirir ki, zərərçəkmişə dəymiş zərəri tam olaraq ödəmiş və onunla barışmışdır. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X2 izahatında bildirdi ki, Şəxs onun istifadəsində olan avtobusa 40 manat məbləğində maddi zərər vursa da, hal-hazırda ona dəymiş maddi zərəri tam şəkildə ödədiyindən, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17.12.2021-ci il qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Şəxs Kəpəz RPİ-də verdiyi izahatında törətdiyi inzibati xətanı etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdir, onun həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından, İXM-in 39.2-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-125/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-125/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver