Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-128/2021 01.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün xx xxxxxx 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə X2 məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən mənzilinin pəncərələrini sındıraraq onu təhqir etmiş və 15 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 izahatında göstərdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə X2 məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən mənzilinin pəncərələrini sındıraraq onu təhqir etmiş və 15 manat maddi ziyan vurmuşdur. Zərər çəkmiş şəxsin müraciəti əsasında araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməli İXM-nin 232-1 və 510-cu maddələrinin tərkibini yaratdığından inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əməlləri törətmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə o, azyaşlı uşağı ilə görüşmək üçün Esmira Həsənovaya məxsus evə getmiş və onlardan uşağı ilə onun görüşməsinə şərait yaratmasını tələb etmişdir. Lakin, Esmira Həsənova onun uşağı və həyat yoldaşı ilə görüşməsinə imkan vermədiyi üçün onların ünvanına ifadələr işlətmiş, bu vaxt əsəbiləşdiyi üçün əli ilə evin pəncərəsini vurub sındırmışdır. Onun kiməsə qarşı xuliqanlıq etmək və ya əşyasını məhv etmək niyyəti olmamışdır. Onun tək istəyi uşağı ilə görüşmək olmuşdur. Lakin, zərər çəkmiş şəxs buna imkan verməmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə Şəxs onların yaşadıqları evə gəlmiş və yüksək səslə nalayiq ifadələr işlədərək onun həyat yoldaşının bayıra çıxmasını tələb etmişdir. Bundan bir qədər sonra onların yaşadığı evin pəncərəsi qırılmışdır, lakin pəncərənin necə qırılmasını dəqiq görməmişdir. Onun Şəxs hər hansı tələbi yoxdur, sadəcə Röyalın onları bir daha narahat etməməsini istəyir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 zərər çəkmiş şəxs X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 232-1 və 510-cu maddələrinin tərkib əlamətləri olduğundan qərarın surəti Kəpəz RPB-nin sahə rəisinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Tadpq oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyası çərçivəsində 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-128/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-128/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver