Məhkəmə qərarları › İş №3(043)-129/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-129/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-129/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdim: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsi tərəfindən 26 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İş materialını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş 26 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, Şəxs MMC barəsində protokol tərtib edilərkən, hüquqi şəxsin nümayəndəsinin izahatı alınmadan tərtib edilmişdir, protokolun sürəti tərəfə göndərilməmişdir. “Protokolun surətini aldım” qrafası imzalanmamışdır. Bundan başqa inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib olunmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Lakin, Dövlət yanğın nəzarəti xidmətinin Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş 26 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “müəyyən edildi” hissədə inzibati xətanın törədildiyi yer və vaxt göstərilsə də, inzibati xətanın mahiyyəti aydın göstərilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material düzgün tərtib olunmadığından və işə baxılarkən tamamlamaq mümkün olmadığından Dövlət yanğın nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar