Məhkəmə qərarları › İş №3(043)-13/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-13/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-13/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 05 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X5 tərəfindən tərtib olunmuş 05 yanvar 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs yaşadığı evin arxasında yerləşən torpaq sahəsindən qonşunun evinə tir tüfəngi ilə atəş açaraq kameranı vurmuş və ora yaxınlaşaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X1 izahatında göstərdi ki, Şəxs yaşadığı evin arxasından məhləsindən qonşunun evinə tir tüfəngi ilə atəş açaraq kameranı vurmuş və ora yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, qonşusu X7 yaşadığı evin divarında ona məxsus olan torpaq sahəsinə baxan hissəyə kamera quraşdırmışdır. O da dəfələrlə Şahinə kameranın istiqamətini onun sahəsindən çəkməsini bildirmişdir. Lakin qonşusu Şahin kameranın istiqamətini dəyişməmişdir. 04.01.2022-ci il tarixdə axşam vaxtı öz torpaq sahəsindən qonşunun kamerasına tir tüfəngi ilə atəş açmışdır. Həmin vaxtı o, içkili olmuşdur. Polis əməkdaşları onun evinə yaxınlaşdıqda isə o, oğlunu qorumaq məqsədi ilə polisə tabesizlik göstərmişdir. Hesab edir ki, hadisənin səbəbi qonşunun qanunsuz hərəkəti olduğu üçün o, heç bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X7 bildirdi ki, 04.01.2022-ci il tarixdə saat 19:00 radələrində işdə olan zaman qızı ona zəng vuraraq kiminsə evlərinə daş atdığını bildirmişdir. O, telefonuna yüklədiyi proqram vasitəsilə kameranı açıb baxdıqda qonşusu Şəxs onun evinin lampalarına və kamerasına tir tüfəngi ilə atəş açdığını görmüşdür. Bundan sonra o və yoldaşı 102 zəng xidmətinə zəng vuraraq bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları gəlib Şəxs aparmaq istədikdə Şəxs onlaraq müqavimət göstərmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Kameranı quraşdırmaqda məqsədi Şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq omuşdur. Belə ki, Şəxs heç bir sənədi olmadan onun evinin qonşuluğunda yerləşən torpaq sahəsindən istifadə edir. Onların arasında dəfələrlə mübahisə olmuş, Şəxs içkili vəziyyətdə onun ailə üzvlərinə hücum çəkmişdir. Bu qanunsuz hərəkətlərin qarşısını almaq üçün yaşadığı evə kamera quraşdırmışdır. Şəxs isə daimi olaraq onun ailə üzvlərini narahat edir. Buna görə də onun barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXİ-nin İİ bölüyünün polis nəfəri, polis serjantı X6 bildirdi ki, 04.01.2022-ci il tarixdə saat təxminən 22:30 radələrində xidməti ərazidə olan zaman Dubay bazarı yaxınlığında bir nəfər şəxsin evinə daş atması ilə bağlı məlumat əsasında dərhal həmin ünvana yaxınlaşmışlar. Onlar hadisəni evdə quraşdırılmış kamera vasitəsi ilə görmüşlər. Həmin şəxsi yəni adı sonradan ona məlum olan Şəxs Səddrəddin oğlunu çağıraraq onu nizam intizama dəvət etsələr də o, polis əməkdaşlarına müqavimət göstərmiş və onların qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs tərəflərindən Kəpəz RPİ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Şəxs onun atasıdır. O atası ilə eyni binadan başqa mənzildə yaşayır. Hadisə olan gün öz yaşadığı mənzildən atasının mənzilinə gedən zaman polislərin gəldiyini görmüş və polislərə vəziyyəti izah etmişdir. O, polislərə qışqırmamalarını demiş, polis əməkdaşları da onu tutduqda atası Arif araya girmişdir. Bundan sonra polislər onu buraxaraq atasını tutub idarəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. Ş.Qasımovla mübahisə kameraya görə baş vermişdir. Belə ki, qonşuları Şahinin evində quraşdırdığı kamera onların həyətini çəkir. Hadisə günü axşam saatlarında Arif yemək yeyib spirtli içki qəbul etmiş, bir saat sonra yuxudan durduqdan sonra qonşunun kameranı söküb-sökmədiyini soruşmuşdur. Daha sonra evdəki tir tüfəngini götürüb evdən çıxmış, bir müddət sonra geri qayıtmışdır. Həyat yoldaşı içkili olduğu üçün ona mane ola bilməmişdir. Daha sonra onların evinə 20 nəfərə yaxın polis əməkdaşları gəlmiş, oğlunu aparmaq istəyəndə isə yoldaşı Arif araya girmiş, polislər oğlunu buraxaraq yoldaşını tutmuş və aparmışlar. İş materiallarında olan “Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, 04 yanvar 2022-ci il tarixdə Şəxs sərxoşluq müayinəsinin nəticəsində alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 04 yanvar 2022-ci il tarixdə saat 22:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan sərxoş vəziyyətdə qonşunun evində quraşdırılmış kameralara və lampalara tir tüfəngi ilə atəş açmış, ümumi qəbul edilmiş davranış və birgəyaşayış qaydalarını kobud şəkildə pozaraq ictimai qaydaya zidd hərəkət etmişdir. Bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.06.2021ci il tarixli 3(043)-398/2021 saylı və 10.12.2021-ci il tarixli 3(043)-926/2021 saylı qərarlarından görünür ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib müvafiq olaraq 20 gün və 25 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini və inzibati xətanın sərxoş vəziyyətdə törədilməsini İXM-in 33.1.2-ci və 33.1.7-ci maddələrinə əsasən, məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və məsuliyyəti ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 04 yanvar 2022-ci il saat 22:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar