Məhkəmə qərarları › İş №3(043)-131/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-131/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-131/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 mənzil 39 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən daxil olmus, Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ünvan 3 mənzil 11 ünvanında yerləşən mənzildən ünvan 4 ünvanında yaşayan X2 məxsus 1 ədəd 300 manat dəyərində Çinar markalı soyuducunu, 50 manat dəyərində dəmir alətlərini və 50 manat dəyərində yataq dəstini oğurlamışdır. Bundan başqa 15. 12. 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən X3 məxsus olan sağlamlıq mərkəzindən 450 manat dəyərində metal tullantılarını oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, ünvan 4 ünvandan oğurladığı X2 məxsus metal turbaların bir kiloqramını 10 qəpikdən olmaqla 1 manata satmışdır. Soyuducunu isə oğurlayaraq 40 manata satmışdır. Daha sonra soyuducunu sahibinə geri qaytarmışdır. Ancaq yataq dəstini oğurlamamışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən sağlamlıq mərkəzindən X3 məxsus olan 2 ədəd dəmir boru götürərək borunun bir ədədini 20 manata satmışdır. Hazırda hərəkətindən peşman olduğunu bildirərək bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək Şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini və onunla barışdığını göstərərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Digər zərərçəkmiş şəxs X3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. X7 gəlmiş, lakin səlahiyətini təsdiq edən sənəd təqdim etmədiyi üçün məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan vaxt ərzində Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən X3 məxsus olan sağlamlıq mərkəzindən 450 manat dəyərində metal məmulatlarını oğurlamışdır. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ünvan 3 mənzil 11 ünvanında yerləşən mənzildən X2 məxsus 1 ədəd 300 manat dəyərində Çinar markalı soyuducunu, 50 manat dəyərində dəmir tullantılarını və 50 manat dəyərində yataq dəstini oğurlamışdır. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarların surəti Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətaları törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq İXM-in 227-ci maddəsi ilə protokollaşdırılmışdır. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1 -ci maddəsinə əsasən bir ildir. Belə olan halda, xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs inzibati xətanı xx.xx.2020-ci il tarixdə törədilməsi nəzərə alınmaqla, həmin əməlin törədilməsinə görə qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyi müəyyən olunur. İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. İXM-in 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53- cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 39, 114, 115, 117 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində xx.xx.2021-ci il tarixli MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar