Məhkəmə qərarları › İş №3(043)-131/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-131/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-131/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhər DYPŞ-in polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kəlbəcər rayonu, İstisu kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri BPİ-nin X9 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Gəncə şəhər DYPŞ-in polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 03.03.2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs 02.03.2022-ci il tarixdə saat təxminən 23:10 radələrində Gəncə şəhərində “VAZ 2106” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını qərəzli şəkildə pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla avtoxuliqanlıq etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ-in polis mayoru X3 bildirdi ki, Şəxs 02.03.2022-ci il tarixdə saat təxminən 23:10 radələrində Gəncə şəhərində “VAZ 2106” markalı, **-ZP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın manevr qaydalarını pozması və digər avtomaşınlara qəza şəraiti yaratması Gəncə şəhəri BPİ-nin “Gəncə Təhlükəsizlik şəhər” xidmətin GTŞ kameraları vasitəsi ilə qeydə alınmışdır. Həmin nəqliyyat vasitəsinin və sürücüsünün müəyyən edilməsi istiqamətində tərəfindən araşdırma aparılmış və 02.03.2022-ci il tarixdə nəqliyyat vasitəsi və onun sürücüsü Şəxs aşkar edilərək izahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2 və 315.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşdur. O “Vaz 2106” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanı avtomobilini sürücülük vəsiqəsi olmadan və etibarnamə olmadan idarə etmiş, 02.03.2022-ci il tarixdə saat təxminən 23:10 radələrində Gəncə Şəhəri 33 nömrəli orta məktəbin yanında YPX əməkdaşı ona saxla işarəsi vermiş lakin o həmin saxla işarəsinə sürücülük vəsiqəsi olmadığı üçün və etibarnaməsi olmadığı üçün qəsdən tabe olmayaraq hərəkətini Atatürk prospektindən Abbas Səhhət küçəsi istiqamətindən sola Abbas Səhhət küçəsinə giriş qadağandır yol nişanının tələbini pozaraq hərəkət axının əksinə hərəkətini davam etdirərək hərəkətini davam etdirmiş bir qədər getdikdən sonra avtomobili öz oxu ətrafında dövr etdirərək yenidən Abbas Səhhət küçəsi ilə Atatürk prospekti istiqamətinə hərəkətini davam etdirmişdir. Bundan sonra o hərəkətini “Savxoz Nizami” dairəsi istiqamətinə davam etdirərək getmiş qeyd etdiyi dairəni keçdikdən sonra yenidən avtomobili öz oxu ətrafında dövr etdirərək dəyirman dairəsinə çataraq sola X8 prospektinə dönərək Nizami prospektinə hərəkətini davam etdirmiş qeyd etdiyi prospektə Vəli Xuluflu küçəsi ilə kəsişmədə qadağan edici qırmızı işığda hərəkətini davam etdirmiş daha sonra Azərbaycan Bayrağı küçəsində kəsişməklə qoşa xəttin tələbini pozaraq qarşı hərəkət zolağının tam əksinə çıxaraq nəqliyyat axının əksinə hərəkət edərək işıqforun qadağan edici qırmızı işığında hərəkətini davam etdirərək, Nizami prospekti istiqamətinə getmiş, həmin kəsişməyə çatdıqda sağa dönərək hərəkətini düzünə mərkəz istiqamətinə davam etdirmişdir. Nizami prospekti ilə Müseyib Bağırov küçəsi kəsişməsi yenidən işıqforun qadağanedici qırmızı işığında hərəkətini düzünə davam etdirərək Nərimanov prospekti istiqamətində hərəkətimi davam etdirərək Gülüstan istiqamətinə dönərək hərəkət etmək istəyərkən qarşıda Yol Patrul Xidməti əməkdaşları onu məcburi dayandırmışlar bununla da o ictimai qaydanı və əhalinin dincliyini nümayişanə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yol hərəkət qaydalarını davamlı olaraq pozulması müşayiət olunan və qərəzli avtoxuliqanlıq hərəkətləri etdiyi üçün eləcə də avtomobili qəflətən sürətləndirməkdə davamlı olaraq təkərləri yolun sabiti ilə sürtünməsi səslərini çıxarılması ilə və yolun səthinə çox saylı təkər izlərinin buraxılması ilə müşayiət olunan hərəkətləri etmişdir. Yəni avtoxuliqanlıq etmiş və etdiyim əməldən peşman olmuşdur. Gələcəkdə bir daha bu kimi qayda pozuntularına yol verməyəcəkdir. Qeyd edilənlərə əsasən məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, “VAZ 2106” markalı, **-ZP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü 02.03.2022-ci il tarixdə saat 23:10 radələrində idarə etdiyi avtomobillə yol hərəkəti iştirakçıları üçün təhlükəli olan hərəkət edərək, əks hərəkət yoluna çıxmaqla işıqforun nizamlayıcı işıqlarını gözləmədən və yol hərəkəti qaydalarını qərəzli şəkildə pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla yol hərəkəti qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, AR DİN-nin BDYPİ-nin X4 vətəndaş xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş, lakin Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ünvanında yaşayan Şəxs adına sürücülük vəsiqəsi müəyyən edilməmiş və onun hüquqsuz olduğu aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03.03.2022-ci il tarixdə saat 01:30-a inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan 03.03.2022-ci il tarixli 435/2022 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, onun şəxsiyyətini, yol verilən inzibati xətanın növünü və ictimai təhlükəliliyini nəzərə alır və eləcə də Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati həbsə alınmanın əvvəli 03 mart 2022-ci il tarixdən, saat 01:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 03 mart 2022-ci il tarixdən, saat 01:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X5 həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar