Məhkəmə qərarları › İş №3(043)-134/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-134/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-134/2021 03.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi R.Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş məlumatla əlaqədar Kəpəz rayon Polis İdarəsinə dəvət edilən zaman nalayiq söyüşlər söymüş, sonra Kəpəz rayon Polis İdarəsinin qarşısında söyüşlər söyüb ictimai qaydanı pozaraq xidmət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, dostu başqa maşının nömrəsini öz maşınına quraşdıraraq Bakı şəhərinə getmişdir. Bakı şəhərində yol patrul xidməti əməkdaşları dostunu saxladığı üçün dostu ona zəng edərək ondan xahiş etmişdir ki, telefonda özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək polis əməkdaşlarından onun buraxılmasını xahiş etsin. O dostunun dediklərinə əməl edərək özünü telefonda polis əməkdaşlarına Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək polis əməkdaşlarından dostunun buraxılmasını xahiş etmişdir. Həmin günü axşam ona zəng gələrək polis əməkdaşları onu Kəpəz rayon Polis İdarəsinə dəvət etmişlər. O isə bunun bir zarafat olduğunu başa düşmüş və polis əməkdaşlarına söymüşdür. Daha sonra polis idarəsinə gəlmiş idarənin həyətində onu gözlətdikləri üçün polislərə qarşı nalayiq ifadələr işlətmişdir. Əməlindən peşman olduğunu bildirib bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs vəkili X2 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və törətdiyi əməldən səmimi peşman olmasının nəzərə alaraq məhkəmədən sonuncunun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş məlumat ilə əlaqədar onu Kəpəz RPİnə dəvət edən zaman nalayiq söyüşlər söymüş, sonra Kəpəz RPİ-nin qarşısında söyüşlər söyərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki Şəxs xx.xx.2021-ci il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək habelə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2021-ci il, saat 21:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar