Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-136/2022 05.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi barədə 05.03.2022-ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərəfindən tərtib edilmiş protokolda qeyd edilir ki, ünvan 1-da yaşayan Şəxs barəsində Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış 04.03.2022-ci il tarixli Sərxoşluq hallarının bütün hallarının təyini məqsədilə aparılan 301/2022 nömrəli tibbi müayinə protokoluna əsasən Şəxs sidik nümunəsində narkotik vasitə aşkar edilərək, narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs Gəncə şəhər Narkoloji Dispanserin 04 mart 2022-ci il tarixli, 267 saylı rəyinə əsasən Şəxs sidik nümunəsində narkotik vasitə aşkar edilmiş, həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta tərkibi olduğu müəyyən edilmişdir. Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs ifadəsində özünü təqsirli bilərək bildirdi ki, ünvan 1 ünvanında yaşayır. Əvvəllər N saylı hərbi hissədə xidmət etmişdir. Hazırda isə hərbi xidmətini dayandırmış və fəhləliklə məşğuldur. 2 ildir ki, narkotik vasitə istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri yerdən tapıb istifadə etmişdir. 04.03.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı binanın qarşısında dayanan zaman həmin vaxt mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər və onu Kəpəz RPİ-nə gətirmişlər. Kəpəz RPİ-də olan zaman onu Gəncə şəhərində yerləşən Narkoloji Dispanserə apararaq ondan sidik nümunəsi götürmüşlər. Həmin vaxt onun narkotik vasitə istifadə etdiyi müəyyən olunmuşdur. Həmçinin, “Vətən Müharibəsi”-də işitirak etmişdir. Müharibədə iştirak etdiyi üçün veteranlıq statusu verilmiş və ayda 80 manat məbləğində pensiya alır. Hazırda əməlindən peşmandır, məhkəmədən “Vətən Müharibəsi”-də iştirak etməsini nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4, HK-1/77 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 05 mart 2022ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması əməldə tərkib olmaması əsasına görə rədd edilməsi, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Kəpəz RPİ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Gəncə şəhər Narkoloji Dispanserin 04 mart 2022-ci il tarixli, 267 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Elektron Məhkəmə sistemindən çıxarılmış Şəxs sosial ödənişlər məlumatlarından görünür ki, Şəxs müharibə veteranları Azərbaycan Respublikası Prezidentinin təqaüdünə görə 80 manat müavinət alır. İş materiallarında olan 04.03.2022-ci il tarixli, ******* saylı tutma protokolundan görünür ki, Şəxs 04.03.2022-ci il tarixdə, saat 20:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını, “Vətən Müharibəsi”-də iştirak etdiyi üçün veteran statusunu almasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs narkoloji dispanserdə qeydiyyata alınması və narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-136/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-136/2022
05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver