Məhkəmə qərarları › İş №3(043)-138/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-138/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-138/2021 03.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs barəsində olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-785/2020 nömrəli icra sənədinə əsasən 3400 manat pulu və 30 manat ödənilmiş dövlət rüsumunu Zərərçəkmiş şəxs ödəmədiyi üçün icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-785/20 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3400 (üç min dörd yüz) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu borcundan heç bir ödəniş etməmişdir. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatında 3400 manat borcu olduğunu və maddi imkanı olmadığı üçün borcu ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, icra idarəsi tərəfindən ona hər hansı bildiriş, xəbərdarlıq ünvanlanmamışdır. Sözügedən icra işi ilə bağlı məlumatlandırılmamışdır.Protokol tərtib olunan günü polis əməkdaşları köhnə avtovağzal ərazisində ona yaxınlaşaraq axtarışda olduğunu göstərərək onu icra idarəsinə aparmışar. İcra idarəsində müəyyən sənədlərə imza etdirdikdən sonra barəsində protokol tərtib etmişlər. Ümumiyyətlə onun belə bir icra sənədi olmasından məlumatı olmamış, nədə ki, icra məmuru tərəfindən ona hər hansı bir bildiriş gəlməmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs bu günədək borcundan ödəniş etməmişdir. O, borcunun geri qaytarmasını, əks təqdirdə onun barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Təqdim olunmuş inzibati materialdan və icra işində olan sənədlərdən məlum olmuşdur ki, borclu tərəfindən icra sənədinin icra olunmaması onun qərəzli hərəkətləri nəticəsində olmamışdır. Belə ki, borcluya icra sənədinin icrası ilə bağlı hər hansı bir bildiriş verilməmiş və icra sənədinin icrası ilə bağlı məlumatlandırılmamışdır. Göründüyü kimi qanunvericilikdə yalnız icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməmsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət yaranır. Lakin təqdim olunmuş inzibati material üzrə və işdə iştirak edən şəxslərin ifadələri ilə borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinin nədə ifadə olunması öz təsdiqini tapmamışdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 30-34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar