Məhkəmə qərarları › İş №3(043)-14/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-14/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-14/2021 07.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2, 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxx 2021ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:50-də “Mercedes Benz C180” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə etibarnaməsi və nəqliyyat vasitəsini idarə etmək üçün hüququ olmadan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozma və avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, protokolu Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinin operatoru, polis kapitanı Vüqar Abbasovun raportu əsasında tərtib etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:50 radələrində etibarnaməsi və sürücülük hüququ olmadan idarə etdiyi, X3 məxsus olan “Mercedes Benz C180” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Gəncə Dəmiryol vağzalı istiqamətində hərəkət edərkən yolayrıcında geriyə dönmə manevri etmiş və bu zaman bütöv nişanlanma xəttini kəsib keçməklə avtomobili öz oxu ətrafında fırladaraq əhalinin dincliyini nümayişkəranə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkət qaydalarının müxtəlif üsullarla davamlı pozulması ilə müşayiət olunan hərəkətlərə yol vermişdir. Həmin nəqliyyat vasitəsinin və sürücüsünün müəyyən edilməsi istiqamətində tərəflərindən araşdırma aparılmış, nəqliyyat vasitəsinin sahibi dəvət olunaraq izahatı alınmışdır. X4 nəqliyyat vasitəsini təmir etmək üçün Şəxs verdiyini, sonuncunun isə avtomobili təmir etdikdən sonra bu hadisəni törətdiyini bildirmişdir. Bundan sonra Şəxs dəvət edilərək izahatı alınmış, izahatında Şəxs həmin inzibati xətanın onun tərəfindən pozulduğunu etiraf etmişdir. Protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyi tam şəkildə sübuta yetirildiyindən onu məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən sexdə avtomobil təmiri ilə məşğul olur. Nəqliyyat vasitələrini idarə etmə hüququ yoxdur. X4 özünün “Mercedes Benz C 180” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsindən səslər gəldiyini bildirərək təmir etmək üçün onun işlədiyi sexə gətirmişdir. xx xxxxxx 2020-ci il tarixdə avtomobili təmir etdikdən sonra axşam saat 22 radələrində qüsurların aradan qalxdığını yoxlamaq üçün avtomobillə işlədiyi sexdən çıxıb H.Əliyev prospekti ilə dəmiryol vağzalı istiqamətində hərəkət edərək yolun sonuna çatdıqda yolayrıcında geriyə dönmək isətmişdir. Bu zaman avtomobilin qaz pedalı ilişdiyi üçün avtomobilin arxası sürüşmüş və öz oxu ətrafında fırlanmışdır. Buna görə də avtoxuliqanlıq etməmişdir, nəqliyyat vasitəsini etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi üçün peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, Şəxs iki ildir ki, avtomobil ustası kimi tanıyır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında avtomobilin ön hissəsindən gələn səsləri aradan qaldırması üçün avtomobili Eminin işlədiyi sexə aparmışdır. Həmin günün sonunda, təxminən saat 23:30 radələrində Emin avtomobili gətirib ona təhvil vermiş və avtomobilin ön hissəsində olan səsləri aradan qaldırdığını, lakin avtomobili sürərkən qaz pedalının ilişdiyini və avtomobilin yerinə fırlandığını demişdir. İki gün əvvəl isə onu Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinə çağıraraq hadisə barədə məlumat verilmiş, o isə həmin vaxt nəqliyyat vasitəsini Şəxs idarə etdiyini bildirmişdir. Avtomobilin qaz pedalı ara-sıra ilişsə də onun özü avtomobili idarə edərkən heç vaxt belə hadisə baş verməmiş, avtomobilin sürüşməsi və ya öz oxu ətrafında fırlanması ilə qarşılaşmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli raportdan məlum olur ki, Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinin operatoru, polis kapitanı X7 şəhər BPİ-nin rəisinə məruzə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:50-də “Mercedes Benz C180” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə şəhəri, H.Əliyev prospekti və Z.Hacıyev küçəsinin kəsişməsində təhlükəli manevr etməsi “Təhlükəsiz şəhər” Xidmətinin kameraları vasitəsilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, “Mercedes Benz C180” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yolayrıcına çataraq svetoforun qırmızı işığında dayanır. Svetoforun yaşıl işığında hərəkəti davam etdirən nəqliyyat vasitəsi yolayrıcında geriyə dönmə manevri edərkən sürəti artıraraq 1.3- bütöv nişanlanma xəttini kəsib keçməklə öz oxu ətrafında fırlanaraq qarşı hərəkət zolağına və geriyə qayıdır, bundan sonra hərəkəti davam etdirərək kameranın görüntü dairəsindən çıxır. Bununla sürücü bir-birinin ardınca bir neçə qayda pozuntusuna yol verir. Şəxs avtomobilin qaz pedalının ilişməsi nəticəsində qeyd olunan hadisənin baş verməsi barədə izahatı inandırıcı deyildir, belə ki, avtomobilin sahibi heç vaxt belə halla qarşılaşmadığını bildirmiş, video görüntüdən isə nəqliyyat vasitəsinin sürücüsünün geriyə dönmə manevri edərkən səbəbsiz olaraq sürəti həmin manevrin təhlükəsiz yerinə yetirilməsi üçün uyğun olmayan həddə artırdığı və aşkar surətdə həmin hərəkətlərin heç bir zərurətdən irəli gəlmədiyi, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmağa yönəldiyi və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi bəlli olur. Şəxs İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, şahidin ifadəsi və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ilk dəfə idarəetmə qaydaları əleyhinə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Eyni zamanda ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh - nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Məhkəmə protokolda qeyd edilmiş digər inzibati xətalarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 43-cü maddəsinə əsasən həmin Məcəllənin 327.1, 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. Odur ki, həmin maddələr üzrə inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti Azərbaycan Respublikası İXM-in 327.1, 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar üzrə inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün Gəncə şəhər BPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar