Məhkəmə qərarları › İş №3(043)-162/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-162/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-162/2021 08.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Kəpəz RPİ-nin İTB-nin polis sahə rəisi Möyləyev Tahir Rafiq oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərər çəkmiş şəxslər X5 və X3 iştirakları ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngə, ev 33A-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün xx xxxxxx 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi Möyləyev Tahir Rafiq oğlu tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 15:40 radələrində ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş və qohumları - xalası X6 və nənəsi X7 təhqir etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Möyləyev Tahir Rafiq oğlu izahatında bildirdi ki Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 15:40 radələrində ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş və qohumları xalası X6 və nənəsi X7 təhqir etmişdir. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan bu barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə nənəsi X2 pul istəmiş, nənəsi ona pul vermədiyi üçün ona əsəbləşmiş və onu həm evdə, həm də küçədə olarkən söyüb təhqir etmişdir. Həmin vaxt səs küyə çıxan xalası X4 da təhqir edərək evdən çıxıb getmişdir. Törətdiyi əməldən peşman deyil. Belə ki, o, Rusiya Fedarasiyasına gedib orada işləmək istəsə də nənəsi ona icazə verməmişdir. Ona görədə maddi təminatını onların qarşılamağını istəmişdir. Onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında bildirdi ki, Amin onun nəvəsidir. Aminin anası xəstə olduğu üçün ona qulluq etmək üçün Aminin yaşadığı evə getmişdir. Həmin vaxt Amin ondan pul istəmişdir. O, pulu olmadığını bildirdikdə Amin əsəbləşərək onu evdən qovmuş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt səs küyə çıxan X6 bizi ayırmaq istəyən zaman Amin onu da təhqir edərək çıxıb getmişdir. Həmin vaxt X6 DİNnin 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. Qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X1 Səkinə Teymur qızı ilə eyni məzmunda izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərər çəkmiş şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar