Məhkəmə qərarları › İş №3(043)-166/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-166/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-166/2021 08.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 mənzil 15 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx xxxxxx 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-53/15 saylı,xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 100 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrası təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Bundan əlavə borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə göstərilən borcundan hissə-hissə ödəniş etməyi bildirmişdir və bu günə 5000 manat borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtı-vaxtında ödəmir. Onun hazırda 5000 manat aliment borcu mövcuddur. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu inkar etmir. Borcunu ödəmək niyyətindədir. 5 ay əvvələ qədər ödənişlər etsə də, qolu sındığı və əməliyyat olunduğu üçün işləyə bilməmiş, bu səbəbdən aliment öhdəliklərini yerinə yetirə bilməmişdir. Hal-hazırda da qolu sarğıdadır və qoluna dəmir mil taxılmışdır. Qısa müddət ərzində sağlamlığını bərpa etdikdən sonra işləmək və borcunu ödəmək niyyətindədir. O, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Maddi imkanın yol verdiyi həddə həmişə aliment borcunu ödəməyə çalışmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu Şəxs müəyyən vaxtlarda ona hissə-hissə ödənişlər etmişdir. Bununla belə o, aliment borcunu vaxtı-vaxtında ödəmir və buna görə də onun 5000 manat aliment borcu yaranmışdır. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(043)-53/2015 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, Şəxs sol said sümüklərinin orta 3/1 hissəsinin yerdəyişməsi sınığı şikayəti ilə xx.xx.2020-ci il tarixdə xəstəxanaya daxil olmuş və ümumi narkoz altında cərrahi əməliyyat olunmuş, xx.xx.2020-ci il tarixdə ambulator müalicə üçün evə yazılmışdır. Məhkəmə iclasında olan zaman da Şəxs qolunda sarğı olması müşahidə edilmişdir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu aliment borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə aliment borcunu ödəməyə çalışmışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə birdəfəlik 950 manat ödəniş etmiş, daha sonra o, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 60 manat aliment borcundan ödənişlər etmişdir. Bundan sonrakı dövrdə qolunun sınması ilə əlaqədar cərrahiyə əməliyyatı olunduğuna və hal-hazıradək sağlamlığı bərpa olunmadığına görə o, işləyə bilməmiş və aliment borcundan ödəniş edə bilməmişdir. İşin bu halları onu deməyə əsas verir ki, Şəxs üzrlü səbəbdən məhkəmə qərarının icrasını təmin edə bilməmiş, aliment borclarını ödəyə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar